“Qarabağ”ın futbolçusu Danimarkaya gedir
17.03.2009 - 18:54
“Qarabağ”ın futbolçusu Danimarkaya gedir
Ağdamın “Qarabağ” klubunun futbolçusu Admir Teli Albaniya milli komandasına dəvət olunub. Apasport.az saytının məlumatına görə, 29 yaşlı müdafiəçinin yığmasının martın 23-də başlayacaq təlim-məşq toplanışında iştirak edəcək. Bu hazırlıq prosesi martın 28-də Macarıstan, aprelin 1-i isə Danimarka ilə seçmə mərhələnin oyunlarında iştirak etmək məqsədi daşıyır.

Teli “Qarabağ”ın tarixinə öz milli komandasına dəvət olunan ilk legioner kimi düşüb. İndiyədək ağdamlıların heyətində oynayan əcnəbilərin heç biri bu komandada çıxış etdiyi vaxt yığmaya çağırılmayıb.

İlkə imza atan Admir klubun rəsmi saytına açıqlamasında qarşıdakı oyunlarda meydana çıxacağına ümid etdiyini bildirib: “Bildiyiniz kimi, qırmızı vərəqə aldığımdan sonuncu matçı buraxmalı olmuşdum. Qarşıda bizi 2 prinsipial oyun gözləyir. Çalışacam ki, klubumuzu ən yaxşı şəkildə təmsil edim. “Qarabağ” haqqında orada danışacağam. Təbii ki, özümlə ən yaxşı xatirələrimi aparıram. Nə qədər uğurlu oynasam bir o qədər “Qarabağ”ın adını uca tutaram”.

Qeyd edək ki, Albaniya milli komandasının heyətində indiyədək cəmi 4 oyun keçirən Teli tən ilin noyabrında Azərbaycan yığması ilə yoldaşlıq oyununa da dəvət almışdı. Həmin vaxt Türkiyənin “Hacettepe” klubunda çıxış edən futbolçu Tofiq Bəhramov adına Respublika stadionunda meydana çıxmaq şansı qazanmamışdı.
0