“Azərbaycan yığmasının səviyyəsi güclü rəqiblə qarşılaşmada bilinəcək”
19.03.2009 - 10:23
“Azərbaycan yığmasının səviyyəsi güclü rəqiblə qarşılaşmada bilinəcək”
Azərbaycan futzal yığması bu gün Portuqaliyanın Viana-du-Kaştelya şəhərində start götürəcək Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayacaq. Apasport.az saytının məlumatına görə, komandamızın baş məşqçi Joze Alesio da Silva bu gün keçiriləcək ilk matçın böyük əhəmiyyət kəsb etdiyini düşünür. AFFA-nın rəsmi internet saytına müsahibə verən braziliyalı mütəxəssis Portuqaliya ilə görüşün önəmli olmasını vurğulayıb.

- Futzal yığmamızın Avropa çempionatının Portuqaliyada start götürəcək əsas seçmə turnirinə hazırlığı sizi qane edirmi?
- Biz bu yarışda uğurla çıxış etməyə çalışacağıq. Amma komanda ilə iki aydır işləyirəm və bu da baş məşqçi üçün çox az müddətdir. Bununla belə, deyərdim ki, turnirə təxminən 85 faiz hazırıq.

- Bəs futzalçılardan kimlərin uğurlu çıxışına ümid edirsiniz?
- Bizim komandada yaxşı oyunçular çoxdur. Onlardan Rizvan Fərzəliyev, Marat Salyanski, Andre və Serjaonun adlarını çəkə bilərəm. Onların beynəlxalq oyun təcrübəsi böyükdür.

- Komandada zədəli futzalçılar varmı?
- Yox, heyətlə bağlı yeganə problemimiz cəza üzündən Vitali Borisovun vacib olan ilk iki oyunda iştirak etməyəcəyi ilə bağlıdır.

- Yəqin ki, bu yarışdakı rəqiblərimiz barəsində də məlumat toplamısınız?
- Əlbəttə. Portuqaliya yığması mütəmadi olaraq dünya və Avropa çempionatlarının final mərhələsində çıxış etdiyindən bu komanda haqqında məlumatım çoxdur. Təbii ki, oyunlarına da baxmışam. Polşa komandasının da Sloveniya ilə keçirdiyi iki yoxlama görüşünün kasetini əldə etmişik. Finlandiya komandasının oyununu görməsəm də, onun barəsində də geniş məlumat toplamışam.

- Komandamızın növbəti mərhələyə çıxmaq şansını necə dəyərləndirirsiniz?
- Bizim üçün Portuqaliya ilə keçiriləcək ilk oyunun böyük əhəmiyyəti var. Komandamızın səviyyəsi məhz belə güclü rəqiblə qarşılaşmada bilinəcək. Yeri gəlmişkən, ilk oyun günündə Polşa – Finlandiya matçını da izləyib digər rəqiblərimizin də gücünü görəcəyəm.

- Bəs növbəti mərhələyə çıxmaq yolunda hansı komandanı və ya komandaları əsas rəqiblərimiz sayırsınız? Portuqaliyanı, yoxsa həm Portuqaliya, həm də Polşanı? Yəqin ki, siz də Finlandiyanı qrupun autsayderi sayırsınız?
- Şübhəsiz, əsas rəqiblərimiz Portuqaliya və Polşadır. Eşitdiyimə görə, onların hazırkı baş məşqçisi bir neçə ildir ki, bu komandanı çalışdırır. Məşqçi çox müddət işləyirsə yaxşı komanda qura bilir. Finlandiyaya gəlincə, ilkin mərhələni uğurla adlayıblarsa. onları da zəif hesab etmək olmaz. İstənilən halda, rəqibin kimliyindən asılı olmayaraq, hər matçda yaxşı oynamalıyıq.
0