Hiddink: Azərbaycanla oyuna təcrübəli futbolçuları çağırmağı lazım bildim
19.03.2009 - 11:41
Hiddink: Azərbaycanla oyuna təcrübəli futbolçuları çağırmağı lazım bildim
Rusiya milli komandasının baş məşqçisi Qus Hiddink Azərbaycan yığmasından ehtiyatlanır. Apasport.az saytının məlumatına görə, holland çalışdırıcı bildirib ki, ilk baxışdan asan görünən qarşıdakı görüşlərə debütantları çağırmaq istəyində olmayıb: “Azərbaycan və Lixtenşteynlə oyunlara yalnız təcrübəli futbolçuları çağırmağı lazım bildim. Həmin futbolçular ki, ya son Avropa çempionatının final mərhələsində yığma ilə birgə olublar, ya da milli komandanın son oyunlarında özlərini yaxşı tərəfdən göstəriblər. Ancaq digər futbolçuların, həmçinin gənclərin də çağırılmaq şansı qalır. Buna görə də ruhdan düşməyə dəyməz”.

Hiddink yığmamızla oyuna çağırdığı Dmitri Sıçevi misal göstərib. O, Moskva “Lokomotiv”ində oynayan hücumçunun dəvət olunması ilə bağlı suallara aydınlıq gətirib: “Bir ara millidə olmayan Sıçev zədə aldı, sonradan formasını yığa bilmədi. O, mətbuatda tənqid edilməsinə baxmayaraq, yaxşı formada olmamağı ilə bağlı özünə hesabat verirdi. Özünə qarşı tənqidi yanaşan Dmitri çox işləməyi davam etdirir və heç vaxt nə yığma, nə də futbolçular haqda pis fikir bildirirdi. Nəticədə milli komandaya qayıda bildi. Bu, işə peşəkar yanaşmağa və qəlbində rahatçılığa yaxşı nümunədir. Sıçevin xarakteri ürəyimcədir. Əgər digər futbolçular da belə hərəkət etsələr, yığma bundan çox qazanacaq. Bir daha xatırlatmaq istəyirəm ki, milli komandada çıxış etməyə görə qürur hissi keçirməlisən” .
0