Orlando Duarte: Azərbaycan yığmasını məğlub etmək çox sadədir
19.03.2009 - 12:20
Orlando Duarte: Azərbaycan yığmasını məğlub etmək çox sadədir
“Azərbaycan milli komandasını məğlub etməyin yolu çox sadədir. Bunun üçün rəqiblə müqayisədə daha çox qol vurmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Portuqaliya yığmasının baş məşqçisi Orlando Duarte deyib.

Avropa çempionatının bu ölkədə keçirilən seçmə mərhələsinin ilk oyununda Azərbaycanla qarşılaşacaq pireneylilərin çalışdırıcısı futzal və futbolda formalaşan dəblə ayaqlaşmaq istəmir: “Lakin Azərbaycan yığmasına daha çox qol vurmağın özü o qədər də asan deyil. Bunun üçün nəsə etmək lazımdır. İlk növbədə rəqibin istədiyi kimi, oynamasına imkan verməyib onları zərərsizləşdirməliyik. İndi “pis oyun göstərib, yaxşı nəticə qazanmaq” prinsipi yaman dəbə düşüb. Amma bu, bizim yığmamıza aid deyil. Həmişə gözəl oyuna can atmışam. Çünki bu yolla qələbəyə daha yaxın olursan. Pis oynamaqla itirmək ehtimalı artmış olur”.

Duarte bu gecəyarı qarşılaşacaqları yığmamız haqda da yüksək fikirdədir: “Azərbaycanlılar – mən bu ölkədə anadan olanları nəzərdə tuturam – yüksək oyun dinamikasına malikdir. Onların iki oyunçusunun səviyyəsi isə olduqca yüksəkdir. Bu iki futzalçıya daha 5 milliləşən braziliyalının əlavə olunması isə komandanın gücünü daha da artırıb. Üstəlik, komandaya da bu ölkədən olan çalışdırıcı rəhbərlik edir. Bir sözlə, Azərbaycan millisi çox güclü rəqibdir”.
0