“Savadsız mən yox, AFFA prezidentini aldadan Xaqani Məmmədovdur”
19.03.2009 - 14:39
“Savadsız mən yox, AFFA prezidentini aldadan Xaqani Məmmədovdur”
Hakimlikdən kənarlaşdırılan FİFA referisi Babək Quliyevlə AFFA-nın Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədov arasında məhkəmə prosesi apreldə olacaq. Bu haqda apasport.az saytına HK rəhbərini məhkəməyə verməyi qərara alan Quliyev məlumat verib.

“Xaqani Məmmədov bu gün işdə yox idi. Hakimlikdən kənarlaşdırılmağımla bağlı qərarı almaq üçün artıq iki dəfə müraciət etmişəm. İddia ərizəm hazırdır və müraciətlərim də məhkəməyə üz tutmağa əsas verir. Mənə deyirlər ki, qərar AFFA-nın rəsmi saytında var. Bilirsiniz, sayt başqa, qərarın bir nüsxəsinin verilməsi başqa. Bunu əldə etməyə tam hüququm çatır” – deyə Quliyev bildirib.

35 yaşlı hakim məhkəmə prosesinin apreldə baş tutacağına da aydınlıq gətirib. O, bunu Novruz bayramı ilə əlaqələndirib: “Bayram günlərinə düşdüyü üçün məhkəmə aprelə qaldı. 10 gün müddətində AFFA sorğumuza cavab verməsə belə, məhkəməyə üz tuta bilərəm. Vəkilim Telman Sultanovla məsləhətləşdim. İddia ərizəsini təqdim edəndən sonra həm prosesə hakim təyin olunacaq, həm də məhkəmə günü təyin olunacaq. Bu, aprelin 1-i, 2-si, uzağı 3-də olacaq”.

Quliyev, həmçinin bildirib ki, Xaqani Məmmədov kimiləri AFFA prezidenti Rövnəq Abdullayevi aldadırlar: “Çoxları Rövnəq Abdullayevin adına ləkə gətirməyim haqda söz-söhbətlər çıxarır. Halbuki, bu, qətiyyən doğru deyil. Sadəcə, mən göstərmək istəyirəm ki, Xaqani Məmmədov kimi adamlar Rövnəq Abdullayevi aldadır. O, mətbuatda məni savadsız adam kimi qələmə verib. Amma savadsız onun özüdür. Savadsızlığını vaxtilə “İnter”in nümayəndələri ilə qatarda görüşündən sonra yazdığı ərizə ilə sübut edib. Nəticədə ömürlük hakimlikdən kənarlaşdırıldı. İndi ona sübut edəcəyəm ki, savadlı kimdir, savadsız kim”.
0