Zaur Ramazanovun qol vurduğu qapıçı kar olub - FOTO
19.03.2009 - 15:30
Zaur Ramazanovun qol vurduğu qapıçı kar olub - FOTO
Çempionlar Liqasında (ÇL) “Xəzər-Lənkəran”a qarşı oynamış Zaqrebin “Dinamo” klubunun qapıçısı Georq Kox məcburən karyerasını başa vurub. Apasport.az saytının məlumatına görə, 37 yaşlı almaniyalı qapıçı bir müddət oynamaq istəsə də, qulağındakı problem buna imkan verməyib.

Son vaxtlar Vyana “Rapid”ində forma geyinən Kox ötən ilin avqustun 24-də Avstriya çempionatında “Austriya” ilə matçın 11-ci dəqiqəsində meydana atılan fişəngin partlaması nəticəsində xəsarət alıb. Həmin fişəng qapıçının qarşısında partlayıb və nəticədə bir müddət sağ qulağı ilə eşitməyib. Kar olan Georq çıxışını davam etdirə biləcəyinə ümid etsə də, bu, qeyri-mümkün olub. Qapıçının sözlərinə görə, indiyədək eşitmə qabiliyyətinin və qulağın içində olan vestibülyar aparatın funksiyasının pozulmasından əziyyət çəkir: “Mənə fişəng atan azarkeşlər cəzalanmalıdırlar. İki axmaq adam futboldan getməyimə görə məsuliyyət daşıyır”.

“Dinamo”nun heyətində Xorvatiya çempionu olan alman qapıçı 2007-ci ilin iyulunda ÇL-nin birinci təsnifat mərhələsi çərçivəsində “Xəzər-Lənkəran”a qarşı iki dəfə oynayıb. Tofiq Bəhramov adına Respublika stadionunda Zaur Ramazanovun qol vurduğu Koxun qoruduğu qapıya Zaqrebdəki görüşdə Lənkəran təmsilçisinin braziliyalı yarımmüdafiəçisi Juninyo Osvaldo cərimə zərbəsindən sonra yol tapıb.
0