Milli komandamız Avropa çempionatının final mərhələsində!
23.03.2009 - 10:40
Milli komandamız Avropa çempionatının final mərhələsində!
Azərbaycan futzal yığması Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Apasport.az saytının məlumatına görə, milli komandamız 2010-cu il qitə birinciliyinin seçmə mərhələ oyunlarını uğurla başa vurub.

Portuqaliyanın Viana do Kastelo şəhərində keçirilən turnirdə meydan sahibləri ilə heç-heçə edən (3:3) futzalçılarımız ardından Polşanı 4:3, Finlandiyanı 5:1 hesabı ilə məğlub edib. Komandamız Portuqaliya ilə eyni xal toplasa da, meydan sahibləri topların daha yaxşı fərqinə görə qrup qalibi kimi birbaşa vəsiqə qazanıb. Ancaq millimiz də qruplarda 2-ci yeri tutanlar arasında ən yaxşı göstəriciyə malik olan komandalardan biri kimi final mərhələsində iştirak etmək hüququ qazanıb. Bununla da futzal yığmamız tarix yazıb.

Belə ki, 17 illik müstəqillik dönəmində nə bu idman növündə, nə də futbolda dünya və Avropa çempionatının final mərhələsinə qazana bilmişdik. Tarixə düşən futzalçılarımız Andrey Tveryankin, Marat Salyanski, Elnur Zamanov, Ağatahir Əzimov, Rizvan Fərzəliyev, Vitali Borisov, Rəcəb Fərəczadə, Namiq Məmmədkərimov, Murad Xaybullayev, Andre De Kampos, Tofiq Mikayılov, Seymur Məmmədov, Maşado Dos Santos, Rene Noronya, Lukas Serjio Luis, Tiaqo Qabriel Rodriqez və Radik Məmmədovdur. Yığmamızın braziliyalı baş məşqçisi Joze Alesio da Silva AFFA-nın rəsmi saytına açıqlamasında qələbə münasibətilə xalqımızı təbrik edərək futzalçıların oyunundan razı qaldığını bildirib: “Portuqaliya yığması ilə oyun son dərəcə gərgin keçdi. Polşa millisi üzərində minimal hesablı qələbəmiz arxayınçılığımızın nəticəsi oldu. Çünki biz rəqibə daha çox top fərqi ilə qalib gəlməli idik. Finlandiya millisinə qarşı bugünkü oyunumuz isə yüksək səviyyədə alındı. Futzalçılar tapşırıqlarıma lazımi səviyyədə əməl etdiklərindən layiq olduğumuz qələbəni qazandıq. Sevincimi azarkeşlərimizlə bölürəm”.
0