Rəşad Sadıqov: İnsanda istər-istəməz boşluq, rahatlıq yaranır
23.03.2009 - 12:15
Rəşad Sadıqov: İnsanda istər-istəməz boşluq, rahatlıq yaranır
Azərbaycan milli komandasının 27 yaşlı kapitanı Rəşad Sadıqovun çıxış etdiyi Türkiyənin “Kocaelispor” klubu Superliqada vacib qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, İzmit təmsilçisi XXV turda öz meydanında “Ankaraspor”u 3:1 hesabı ilə məğlub edib.

90 dəqiqə meydanda olan Rəşad klubun rəsmi İnternet saytına açıqlamasında çox önəmli 3 xal əldə etdiklərini bildirib: “Ankaraspor”un çox yaxşı komanda olduğunu bilirdik. Rəqibimiz topla yaxşı davranır. Oyunun ilk hissəsində şanslarımızı dəyərləndirdik və qol imkanlarından yararlanmaqla hesabda böyük üstünlük əldə etdik. İkinci hissəyə 3:0 hesabı ilə başlamaq çox çətindir. Belə ki, bu zaman insanda istər-istəməz boşluq, rahatlıq yaranır. Bunun da nəticəsində ikinci hissənin əvvəlində qapımızdan top buraxdıq. Amma təkrar toparlanaraq, oyuna diqtə etdik. “Ankaraspor”a daha qol şansı vermədik və bizim üçün çox önəmli olan 3 xalı qazandıq”.

Bu qələbədən sonra hesabındakı xalları 23-ə çatdıran “Kocaelispor” yenə turnir cədvəlində 17-ci pillədə qərarlaşıb. Bununla belə, izmitlilər özündən irəlidə olan “Ankaragücü” ilə xal fərqini artıq minimuma endirib. Sadıqovun komandası məğlubiyyətsiz oyunlar seriyasını 5-ə çatdırıb. Rəşad milli komandamızın martın 28-də Rusiya yığması ilə Moskvada keçirəcəyi rəsmi oyuna hazırlıq məqsədilə vətənə dönüb.
0