Foqts Zaur Tağızadəni Moskvaya aparmayacaq
23.03.2009 - 13:04
Foqts Zaur Tağızadəni Moskvaya aparmayacaq
Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 28-də Rusiya ilə səfərdə keçirəcəyi rəsmi oyun üçün heyəti açıqlanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, yığmamızın baş məşqçisi Berti Foqts Moskvaya 22 futbolçu aparacaq. Almaniyalı mütəxəssis ötən həftə Bakıda keçirdiyi hazırlıq prosesi çağırdığı heyətdə bir neçə dəyişiklik edib.

Belə ki, “Neftçi” klubunun kapitanı Zaur Tağızadə və Türkiyənin birinci liqa təmsilçisi “Boluspor”da oynayan İlqar Qurbanova bu dəfə dəvət göndərilməyib. Elvin Məmmədov, Cavid Hüseynov və Rahid Əmirquliyevin U-21-in Gürcüstanda təlim-məşq toplanışında iştirakı nəzərdə tutulsa da, sonradan onların Moskvaya aparılmasına qərar verilib.

Yalnız “Karvan”ın müdafiəçisi Tural Nərimanov əsas milli komandadan U-21-ə göndərilib. Foqts “İnter”in və 19 yaşlılardan ibarət yığmamızın qapıçısı Səlahət Ağayevi də yığmaya çağırmağı məqsədəuyğun sayıb ki, o da millimizin ruslarla görüşündə yeganə debütantıdır. Milli komandamızın əsas qapıçısı Kamran Ağayevin zədədən əziyyət çəkməsini nəzərə alan Foqts hazırlıq prosesinə 4 qapıçı çağırıb. Zədəli Aleksandr Çertoqanov, habelə onun “Simurq”dakı komanda yoldaşı Tural Cəlilov də heyətdən kənarda qalıb.

Qeyd edək ki, bu gün bir araya gələn yığma üzvləri növbəti 3 gündə “Şəfa” stadionunda məşq keçəcək. Məşq üçün məhz “Şəfa”nın seçilməsi “Lujniki” stadionunda ot örtüyünün sintetik olması ilə bağlıdır. Milli komandamız martın 26-da səhər saatlarında Moskvaya yollanacaq.

Qapıçılar: Kamran Ağayev (“Xəzər-Lənkəran”), Rauf Mehdiyev (“Olimpik”), Fərhad Vəliyev (“Qarabağ”), Səlahət Ağayev (“İnter”)

Müdafiəçilər: Rəşad Sadıqov (“Kocaelispor”, Türkiyə) Rail Məlikov (“Neftçi”), Mahir Şükürov, Aqil Nəbiyev (hər ikisi “Olimpik”), Samir Abbasov (“İnter”), Ernani Pereyra (“Karvan”), Sergey Sokolov (“Simurq”), Saşa Yunisoğlu (“Bakı”)

Yarımmüdafiəçilər: Rahid Əmirquliyev (“Xəzər-Lənkəran”), Elmar Baxşıyev (“Neftçi”), Cavid Hüseynov, Elvin Məmmədov (hər ikisi “İnter”), Cəmşid Məhərrəmov (“Bakı”), Fabio Luis Ramim (“Bakı”)

Hücumçular: Vüqar Nadirov (“Karvan”), Vaqif Cavadov (“Qarabağ”), Leandro Qomeş (“Olimpik”), Branimir Subaşiç (“Çanqçun Yatay”, Çin)
0