Samir Əliyevin 539 günlük həsrəti bitdi
23.03.2009 - 14:23
Samir Əliyevin 539 günlük həsrəti bitdi
Bakının “Neftçi” klubunun hücumçusu Samir Əliyevin 539 günlük həsrəti bitib. Apasport.az saytının hesablamalarına görə, 30 yaşlı futbolçu çempionatda məhz bu qədər fasilədən sonra qol vurub. Azərbaycan Premyer Liqasının son turunda Salyanda yerli “Muğan”la oyunda fərqlənən Samir bununla da komandasının böyük hesablı qələbəsində (3:0) pay sahibi olub.

Uzun müddətdir zədədən əziyyət çəkən Əliyev çempionatda sonuncu dəfə 2007-ci ilin sentyabrın 29-da “Masallı” ilə görüşdə qol vurmuşdu. “Neftçi” Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş həmin oyunda da böyük hesabla qələbə qazanıb - 4:0.

Samirin ən axırıncı qolu isə 2007-ci ilin oktyabrın 24-nə təsadüf edir. Söhbət birinci dəstə təmsilçisi “Abşeron”la Respublika stadionunda baş tutan kubok oyunundan gedir. Əliyev həmin vaxt çexiyalı mütəxəssis Vlastimil Petrjelanın rəhbərliyi altında çıxış edərkən rəqib komandanı məyus etmişdi. Sonradan ağır zədə alan hücumçu Türkiyədə cərrahiyyə əməliyyatı olundu. Bərpa prosesinə xeyli vaxt sərf edən Samir bu müddətdə yenə tez-tez zədələnirdi. Nəticədə əsas heyətdə yerini itirən milli komandanın sabiq üzvü son il yarımda çox az oyun keçirib.

Qeyd edək ki, Əliyev bu il ilk qolunu Hollandiyanın “Feyenoord” klubu ilə yoldaşlıq görüşündə vurub. Ancaq fevralın 10-da Türkiyənin Antalya şəhərində keçirilən həmin oyun qeyri-rəsmi xarakter daşımışdı. Samir həmin matçda (1:5) “Neftçi”nin yeganə qoluna imza atmışdı.
0