Rusiya - Azərbaycan oyununa 42200 bilet satılıb
23.03.2009 - 14:28
Rusiya - Azərbaycan oyununa 42200 bilet satılıb
Martın 28-də Moskvada keçiriləcək Rusiya - Azərbaycan oyununda anşlaq gözlənilir. Apasport.az saytının məlumatına görə, Rusiya Futbol İttifaqı (RFİ) mətbuat xidmətinin rəhbəri Andrey Malosolov “Lujniki” stadionunda baş tutacaq görüşə 60 000 biletdən 42 200-nün satıldığını bildirib. Bu da matça 5 gün qalmış biletlərin artıq 2/3-nin satıldığı deməkdir.

Ümumrusiya Azarkeşlər Birliyi (ÜAB) B tribunasına 20 min bilet əldə edib. Azərbaycan tərəfi isə D tribunasında 6500 bilet kvotasını seçib. Təhlükəsizlik tədbirləri ilə əlaqədar stadionda ilk 10 sıraya bilet satılmır. Bu, azarkeşlərimizin yer aldığı sektorlarda bir neçə sıraya da aiddir.

Bundan başqa, RFİ ilə ÜAB milli komanda üzvlərinin Azərbaycanla oyun öncəsi motivasiyasını artırmaq məqsədilə azarkeşləri yığmanın məşqlərini izləməyə dəvət edir. Məşqlər martın 24-də və 25-də “Lujniki” stadionunda yerli vaxtla saat 17:00-da olacaq. Azarkeşlər məşqi əvvəldən sonadək izləyə biləcəklər. Həmçinin, bəxti gətirən azarkeşlər üzərində yığma futbolçularının avtoqrafları olan toplara sahib çıxacaqlar. Həmin toplar məşqin gedişində tribunalara atılacaq.
0