“Neftçi”nin sabiq baş məşqçisi: Skolari futbolun nə olduğunu bilmir
23.03.2009 - 14:58
“Neftçi”nin sabiq baş məşqçisi: Skolari futbolun nə olduğunu bilmir
Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Vlastimil Petrjela braziliyalı həmkarı Luis Felipe Skolarinin “bostanına daş atıb”. Apasport.az saytının məlumatına görə, 56 yaşlı çexiyalı 2002-ci ildə Braziliya milli komandasına dünya çempionluğu qazandıran Skolarini məşqçi saymır.

Petrjela braziliyalının Londonun “Çelsi” klubundakı perspektivinə əvvəldən bədbin baxırmış: “Çelsi”nin oyununa birgə baxdığım keçmiş həyat yoldaşım Zuzannaya dedim ki, Skolari futbolun nə olduğunu bilmir. Onların hansı sistemlə oynadığını müəyyənləşdirmək qeyri-mümkün idi, komandanın hara qaçdığını bilmirdi. Dediklərimə etiraz edən Zuzannanın fikrincə, Skolariyə qarşı çox tənqidi yanaşıram. Bundan cəmi iki gün sonra braziliyalını istefaya göndərdilər. Ona görə də “Çelsi”nin sabiq baş məşqçinə qarşı münasibətdə haqlı idim”.

“Neftçi”nin sabiq çalışdırıcısı milli komandamızın martın 28-də Moskvada görüşəcəyi Rusiya yığmasının baş məşqçisi Qus Hiddink haqda da fikrini bildirib. Petrjela Skolaridən sonra “Çelsi”nin sükanı arxasına gətirilən holland mütəxəssisin möcüzə yaradacağına inanmır: “Hiddink “Çelsi”də möcüzə yaratmağa qadirdirmi? Bu komanda Rusiya yığması deyil. Ola bilsin ki, klubun sahibi Roman Abramoviç Hiddinkə lazım olan futbolçuları aldı. Axı, onlar yaxşı münasibətdədirlər. Bu zaman möcüzəyə ümid var. “Çelsi”nin azarkeşləri bildirirlər ki, bizdə cinah yarımmüdafiəçiləri yoxdur. Rusiya yığmasının və Moskva MOİK-in sol cinah yarımmüdafiəçisi Yuri Jirkov “Çelsi”yə keçsə, mən bunu alqışlayaram. O, sadəcə, əla futbolçudur. Jirkov ağılı, sürətli, texnikalıdır. “Çelsi”yə də məhz belə futbolçular lazımdır”.

Qeyd edək ki, Petrjela 2007-ci ilin ikinci yarısında “Neftçi”ni çalışdıran zamanı Skolari də ölkəmizdə olub. Belə ki, həmin vaxt braziliyalının çalışdırdığı Portuqaliya yığması milli komandamızla Avropa çempionatının seçmə mərhələ çərçivəsində Bakıda keçirilən rəsmi oyunda 2:0 hesabı ilə qələbə qazanıb. 2008-ci ilin yanvarın ilk günlərində “Neftçi” ilə yollarını ayırdıqdan sonra işsiz qalan Petrjela Rusiyaya qayıtmağı çox arzulayır. Onun ürəyindən rus dilli ölkələrdə - Ukrayna, Özbəkistan, Baltikyanı respublikalarda işləmək keçir.
0