Azərbaycan yığması Avropa çempionu ilə qarşılaşacaq
24.03.2009 - 10:52
Azərbaycan yığması Avropa çempionu ilə qarşılaşacaq
Azərbaycan futzal yığması Avropa çempionatının final mərhələsindəki potensial rəqibləri məlum olub. Apasport.az saytının məlumatına görə, futbol və futzal tarixində ilk dəfə qitə birinciliyinin həlledici oyunlarında iştirak edəcək təmsilçilərimiz qrup matçlarında Sloveniya, Belçika və Belarus milli komandaları ilə qarşılaşa bilməyəcək.

Belə ki, yığmamız bu üç komanda ilə birgə püşkatma zamanı sonuncu üçüncü səbətdə yer alacaq. UEFA-nın birinci səbətində meydan sahibləri Macarıstanla yanaşı, Avropa çempionları İspaniya, İtaliya və Rusiya yığmaları qərarlaşıb. Ukrayna, Portuqaliya, Serbiya və Çexiya milli komandaları isə ikinci səbətdə yer alıb.

2010-cu il yanvarın 19-dan 30-dək Macarıstanın Budapeşt və Debretsen şəhərində keçiriləcək final mərhələsinin oyunları əvvəlkilərdən komandaların sayı və formatı ilə də fərqlənir. İlk dəfə 12 komandanın mübarizə aparacağı həlledici oyunların qrup mərhələsi yanvarın 19-24-də baş tutacaq. Komandalar 4 qrupda mübarizə aparacaq ki, dairəvi sistemlə keçirilən matçlardan sonra yalnız sonuncu yer sahibləri mübarizəni dayandıracaq. Hər qrupun iki ən yaxşı komandası isə ayın 25 və 26-da ¼ finalda çıxış edəcək. Yarımfinal qarşılaşmaları yanvarın 28-də, final və 3-cü yer uğrunda görüş isə 30-da baş tutacaq.

Qeyd edək ki, bu il sentyabrın 24-də Bakı vaxtı ilə saat 19:00-da başlayacaq püşkatma Macarıstanın Debretsen şəhərində gerçəkləşəcək.
0