Qus Hiddink üçün yeni vəzifə
24.03.2009 - 11:31
Qus Hiddink üçün yeni vəzifə
Martın 28-də Azərbaycan milli komandası ilə qarşılaşacaq Rusiya yığmasının baş məşqçisi Qus Hiddink üçün yeni iş yeri tapılıb. Apasport.az saytının məlumatına görə, hazırda həm də İngiltərənin “Çelsi” klubuna rəhbərlik edən hollandiyalı mütəxəssis londonlularla müqaviləsi bitdikdən sonra da bu komanda üçün çalışacaq. Amma baş məşqçi deyil, məsləhətçi kimi.

2008/09 mövsümünün sonunda “Çelsi”dən ayrılacaq Hiddink ən azı yayın sonunadək, “transfer pəncərəsi”nin bağlanacağı vaxta qədər ingilislərlə iş birliyində olacaq. Belə ki, o yay transfer kampaniyası zamanı klub rəhbərliyinin məsləhətçisi funksiyasını icra edəcək. Bu qərarı açıqlayan klub prezidenti Brüs Bak Hiddinkin baş məşqçi postundan gedəcəyini bir daha təsdiqləyib: “Biz “Çelsi”yə elə məşqçi gətirəcəyik ki, o uzun illər komandada çalışsın”.

Qeyd edək ki, Hiddink bu il fevralın 11-dən London klubunu çalışdırır.
0