“Qarabağ”a texniki məğlubiyyət verildi
24.03.2009 - 13:12
“Qarabağ”a texniki məğlubiyyət verildi
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, komitə üzvləri Azərbaycan Premyer Liqasının XIX, birinci divizionun XX turunda baş verənlərlə bağlı qərarlar çıxarıb.

“Turan” – “İnter” matçında 5 futbolçusu sarı vərəqə ilə cəzalanan bakılılar 1000 manat cərimə olunub. “Qəbələ” – “Karvan” matçının 90-cı dəqiqəsində baş verənlər isə hər iki komandanı ziyana salıb. “Karvan”ın futbolçusu Ernani Pereyra və “Qəbələ”nin oyunçusu Azər Həşimov bir-birini vurduğu üçün birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılmışdı ki, bu da onların hərəsinin 2 oyunluq cəzalanmasına, komandalarının isə 2000 manat cərimə olunmasına səbəb olub. “Standard” – “Olimpik” matçının 39-cu dəqiqəsində “Standard” klubunun məşqçisi Elçin Həsənov texniki zonanı pozduğuna görə meydandan kənarlaşdığı üçün klub 2000 manat ziyana düşüb. Həsənov cari mövsümün birinci dövrəsində də oxşar hərəkəti ilə komandasını ziyana salmışdı.

Premyer Liqasda çıxış edən klubların əvəzedici heyətlərinin XIX turunun “Xəzər-Lənkəran” – MOİK matçında meydan sahiblərinin 6, bakılıların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunub. Oyunun 44-cü dəqiqəsində “Xəzər-Lənkəran”ın futbolçusu Aqşin Həşimov rəqibini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır klub isə 1000 manat cəriməyə məruz qalıb.

“Turan” – “İnter” matçının 30-cu dəqiqəsində bakılıların oyunçusu Səbuhi İsmayılov simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub. “Standard” – “Olimpik” matçının 90-cı dəqiqəsində qonaqların futbolçusu Nicat Baxşıyevin vaxtı uzatdığına görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün də eyni cəzaya layiq görülüb. Oyunun 32-ci dəqiqəsində “Standard”ın məşqçisi Zeynal İbrahimovun IV hakimin işinə müdaxilə etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün klub 1000 manat cərimə olunub.

15 yaşlılardan ibarət komandalar arasında Azərbaycan birinciliyinin “Bakı” – “Qarabağ” matçında “Qarabağ” klubunun protokolda adları göstərilən futbolçular ilə meydanda olan futbolçuların adları üst-üstə düşmədiyi üçün oyun baş tutmamışdır. Bu səbəbdən də Futbol üzrə XVII Azərbaycan Premyer Liqası, I divizion və Azərbaycan kubokunun “Əsasnamə və Nizam-İntizam qaydaları”nın 36-cı maddəsinə uyğun olaraq “Qarabağ” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir. “Qarabağ” klubu bu məsələdə təqsirli olan şəxslər haqqında lazımi ölçü götürsün və İntizam Komitəsinə məlumat versin.

Futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin “Smart” – “İnteqral” matçının 45-ci dəqiqəsində “Smart” klubunun oyunçusu Orxan Məmmədov təhqir edici ifadələr işlətdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır.

Futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin “Ulduz” – PSL matçının 20-ci dəqiqəsində PSL klubunun Ceyhun İsmayılov rəqibini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır.
0