“Azərbaycanla oyundan 3 xal götürmək niyyətindəyik”
24.03.2009 - 14:41
“Azərbaycanla oyundan 3 xal götürmək niyyətindəyik”
“Rusiya yığması əvvəl Azərbaycan, sonra isə Lixtenşteynlə oyundan üç xal qazanmaq niyyətindədir. Bu qələbələrlə də 2009-cu ilə başlayacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının baş məşqçisi Qus Hiddink deyib.

Martın 28-də Azərbaycanla qarşılaşacaq rusiyalıların holland çalışdırıcısı komandasının Moskvada keçirdiyi təlim-məşq toplanışında gördüklərinə sevinib: “Yığma üzvlərinin yaxşı fiziki durumda olmalarını görüb sevinirəm. Mənim üçün oyunçuların yaxşı formada olması önəmlidir. Ümumiyyətlə, onları yenidən görməyimə şadam. Demək olar ki, xoşbəxtəm və səbirsizliklə işimə başlayacağımı gözləyirəm”.

Şənbə günü millimizlə oyunda Rusiya yığmasının konservativ futbola üstünlük verib-verməyəcəyi ilə bağlı sualdan isə Hiddink yayınmağı bacarıb: “Siz mənə necə oynamağı deyirsiniz? Başa düşmürəm, konservativ futbol oynayacağımızı soruşanda nəyi nəzərdə tutursunuz. Mənim 22 futbolçum var və onları yaxşı tanıyıram”.

Hiddink yetirmələrinin Azərbaycan və Lixtenşteyn kimi rəqiblərlə matçlara da ciddi yanaşdığına əmindir: “Mən bilirəm ki, Rusiya yığmasının vəziyyəti oyunçuları hər matça ciddi yanaşmalarına səbəb olub. Məşqlərdə də elə həmin canfəşanlıq və ciddiyyətlə hazırlaşırlar. Çünki onları işə belə yanaşma tərzinə uyğunlaşdırmışam. Əgər kimsə qeyri-ciddi olarsa, mən onu belə edəcəyəm”.
0