“Futbolçularımız sürətli düşünmək baxımından çox geridədirlər“ - MÜSAHİBƏ
25.03.2009 - 10:56
“Futbolçularımız sürətli düşünmək baxımından çox geridədirlər“ - MÜSAHİBƏ
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Bernard Lippert AFFA-nın rəsmi İnternet saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, almaniyalı çalışdırıcı rəhbərlik etdiyi kollektivin Avropa çempionatının seçmə mərhələsinin elit raundunda çıxışı haqda danışıb, uğursuzluğun səbəblərini göstərib.

- Avropa çempionatının seçmə mərhələsinin elit raundunun startından əvvəl bildirmişdiniz ki, ilk oyun böyük əhəmiyyətə malikdir. Yığmamız birinci turda Hollandiyaya minimal hesabla məğlub olsa da, qarşılaşmanı izləyənlərin hər birini müsbət mənada təəccübləndirməyi bacardı. Amma Xorvatiya yığmasına, demək olar ki, bütün komponentlərdə uduzdu. Ardıcıl iki oyunda bu qədər təzadın səbəbi nə ola bilər?
- Bəli, komandamız Hollandiyaya qarşı çox gözəl futbol nümayiş etdirdi. Rəqibə hesabdan başqa heç nədə uduzmadıq. Amma futbolda qələbəni qol gətirir. Biz isə yüksək səviyyədə keçirdiyimiz oyunda qol vura bilməyərək, əksinə, qapımızdan top buraxdıq. Bu, çox üzücü məğlubiyyət oldu. Xorvatiya komandasına qarşı oyunda isə, futbolçularımız yalnız 60-cı dəqiqədən sonra sanki özlərinə gəlməyə başladılar. Görünür, Hollandiya kimi adlı-sanlı komanda ilə başabaş oynamaları, bəzi məqamlarda hətta onları üstələmələri futbolçularımızda arzuolunmaz arxayınçılıq yaratmışdı. Bu isə oyunun yekun nəticəsinə əsaslı surətdə öz təsirini göstərdi.

- Turnirdən əvvəl yığmamızın fiziki hazırlığının yüksək səviyyədə olduğunu qeyd etmişdiniz. Keçirilən üç oyunun nətiəsindən sonra bu fikrinizin doğru olduğu qənaətindəsinizmi?
- Futbol təkcə güc oyunu deyil. Bəli, komandamızın fiziki hazırlığının yetərli olduğunu demişdim və bu fikrimin həqiqəti əks etdirdiyini düşünürəm. Rəqiblərimizə güc, dözümlülük və sair kimi komponentlərdə deyil, düşünmə sürətində uduzduq. Futbolçularımız lazımi məqamlarda ani qərar qəbul etmək qabiliyyətinə görə rəqiblərimizdən açıq-aşkar geri qalırdılar. Sürətli düşünmək və düşündüyünü həmin sürətə uyğun şəkildə icra etmək müasir futbolun ən vacib elementlərindən biridir. Təəssüf ki, bu baxımdan hələ çox geridəyik.

- Xorvatiyalı həmyaşıdları ilə matçdan əvvəl milli komandamızın üzvləri Xorvatiya - Lüksemburq görüşünün videoyazısını izləmişdilər və həmin oyunda qalib gəlmələrinə baxmayaraq, xorvatlar o qədər də güclü təsir bağışlamamışdılar. Bundan əlavə, müsahibələrinizdə demişdiniz ki, Xorvatiya yığmasının oyununda fövqəladə heç nə yoxdur. Komandamızda arxayınçılığın yaranmasına qeyd edilən amillər səbəb ola bilərmi?
- Bəlkə də bu söylədiklərinizin də məğlubiyyətimizdə müəyyən mənada rolu oldu. Amma futbolçularla söhbətlərimdə dəfələrlə xatırlatmışdım ki, Xorvatiya U-17-si 18 oyunluq məğlubiyyətsizlik seriyasına malikdir. Bu, təsadüfi göstərici ola bilməz. İstənilən rəqibə qarşı tam motivasiya olunmuş halda, bütün imkanları səfərbər etməklə oynamaq vacibdir. Lakin bayaq da qeyd etdiyim kimi, Xorvatiya yığması ilə qarşılaşmada futbolçularımız yalnız 60-cı dəqiqədən sonra toparlana bildilər.

- Yığmamız üç rəsmi oyunun heç birində qol vura bilmədi. Halbuki bu matçların hər birində dəfələrlə elə epizodlar yarandı ki, futbolçularımızın qol vura bilməməsi rəqibi məyus etməsindən daha çətin idi. Azərbaycan futbolunda uzun illər boyu mövcud olan bu problemin U-17-dən də yan keçməməsinin səbəbi nədir?
- Yalnız bir səbəb olsaydı və həmin çatışmazlığı qısa vaxt ərzində aradan qaldıra bilsəydik, bunu çoxdan edərdik. Amma problem çoxşaxəlidir. Buraya uşaq futbolunun vəziyyətindən tutmuş, yığmanın üzvlərinin oyun praktikasının vacibliyinə qədər bir çox məsələlər daxildir. Məsələn, Avropa çempionatının ilkin seçmə mərhələsində uğurlu çıxışımızın əsas səbəblərindən biri sərəncamımızda Məhəmməd Qurbanov kimi yaxşı hücumçunun olması idi. Təəssüf ki, elit raundda onun xidmətindən istifadə edə bilmədik. Hazırda U-17-nin heyətindəki yeganə sırf hücumçunun - Emin Mehdiyevin klubsuz olmasını qeyd etməklə sualınıza konkret cavab vermiş olardıq. Yaxşı hücumçuların yetişməsi üçün Azərbaycanda kiçik yaşlı futbolçuların mütəmadi yarışları keçirilməli, bir neçə yüksək səviyyəli uşaq futbol məktəbi fəaliyyət göstərməli, ölkədə stadionların sayı artmalı, infrastruktur yüksək səviyyəyə çatdırılmalıdır.

- Komandamızın Avropa çempionatının final mərhələsinə yüksələ bilməməsini nə dərəcədə ədalətli saymaq olar?
- Əgər üç oyunda bir qol vura bilməmişiksə, bu nəticəni tam ədalətli hesab etmək olar. Futbolda yalnız qol vurmaqla qələbə qazanmaq mümkündür.

- Elit raunddan əvvəl komandadan hansı nəticəni gözləyirdiniz?
- Futbolçularımıza dəfələrlə demişdim ki, bütün oyunlarda 100 faiz gücümüzü sərf edəcəyimiz halda final mərhələsinə yüksələ bilərik. Çünki reallıqlarla barışmaq lazımdır. Qrupumuzdakı rəqiblərimizin ikisinin - Hollandiya və Xorvatiya futbolunun səviyyəsi barədə uzun-uzadı danışmağa gərək yoxdur. Məhz bu səbəbdən biz yalnız tam gücümüzü səfərbər edəcəyimiz halda, uğur qazana bilərdik. Təəssüf ki, ayrı-ayrı qarşılaşmalarda müxtəlif səviyyədə çıxış etdik. Bu isə Avropa çempionatında iştirak etməyimiz üçün yetərli olmadı.
0