Hiddink: Berti Foqts ruslara xoşagəlməz sürpriz hazırlaya bilər
25.03.2009 - 11:42
Hiddink: Berti Foqts ruslara xoşagəlməz sürpriz hazırlaya bilər
“Bizi qarşıda Azərbaycan və Lixtenşteynlə vacib oyunlar gözləyir. Başçılıq etdiyim komandaya müxtəlif klublardan gələn futbolçuları oteldə görməyə şad oldum. Bütün oyunçular hazırdırlar, zədə ilə bağlı problem yoxdur”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya milli komandasının baş məşqçisi Qus Hiddink Moskvada keçirdiyi mətbuat konfransında deyib.

62 yaşlı holland mütəxəssis bildirib ki, 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 28-də “Lujniki” stadionunda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyuna marağın böyük olmasından xəbərdardır: “Biz çox vacib matçların hazırlığına başlayırıq. İndi bizim üçün əsas qarşıdakı, yəni Azərbaycanla görüşdür. Mən yaxşı xəbər eşitdim. Bu da ondan ibarətdir ki, oyuna çoxlu bilet satılıb. Ancaq “Lujniki” böyük stadiondur və ona görə də bundan da artıq azarkeşlərin olacağına gözləyirəm. Yığma üçün dəstək çox vacibdir”.

Milli komandamızın baş məşqçisi Berti Foqtsu hamının yaxşı tanıdığını deyən Hiddink onun vaxtilə güclü futbolçu olmasını sözlərinə əlavə edib. Holland mütəxəssisin fikrincə, Almaniya yığmasında çoxlu oyun keçirən Foqts sonradan əla məşqçi kimi yetişib: “Onunla yolum bir neçə dəfə kəsişib. Foqts təkcə yaxşı futbolçu yox, həm də yaxşı insandır. Alman həmkarım yaxşı məşqçi olduğu üçün onun komandasından çox ehtiyatlı olmaq lazımdır. Foqts bizə xoşagəlməz sürpriz hazırlaya bilər ki, bundan qaçmaq istərdik. Elə götürək Azərbaycanın Finlandiya ilə Helsinkidə keçirilən matçını. Rəqibimiz həmin oyunda uduzsa da, çox layiqli müqavimət göstərdi. Azərbaycan bütün görüş boyu taktiki cəhətdən ağıllı oynadı. Onu da nəzərə alın ki, Finlandiya yığmasının demək olar, bütün futbolçuları Avropanın aparıcı liqalarında çıxış edir”.

Rusiya yığmasının çalışdırıcısı qarşıdakı rəqiblərin daha çox müdafiəyə diqqət yetirəcəyini qeyd edib: “Hamının Rusiya yığmasına sonuncu nailiyyətlərimizə görə hörmətlə yanaşdığını bilirəm. Ancaq uğurlarımız qarşıdakı görüşlərdə müqavimətlə qarşılaşmayacağımızı demir. Həm Azərbaycan, həm də Lixtenşteyn yığmasının müdafiədə oyunu yaxşı qurulub. Mən onu gözləmirəm ki, onlar hücum edəcək, hücum edəcək və bir daha hücum edəcək. Rəqiblərimiz əks-hücumlara bel bağlayacağı üçün çox təhlükəli ola bilərlər. Seçmə mərhələdə hər bir oyuna böyük məsuliyyətlə yanaşmaq lazımdır. Bu 38-40 oyundan ibarət çempionat deyil ki, sonradan nəyisə düzəldə biləsən. Burada hər bir səhv həlledici ola bilər. Hər qrupdan final mərhələsinə birbaşa bir komandanın çıxdığını nəzərə alsaq, konsentrasiyanı qətiyyən itirmək olmaz”.

Azərbaycanla oyuna start heyətini açıqlamayan Hiddink vurğulayıb ki, ilk dəqiqələrdən kimlərin mübarizəyə qoşulacağı haqda müəyyən fikirlərə malikdir: “Ancaq bizim qarşıda hələ məşqlərimiz var. Orada hər futbolçunun hansı formada olmasına baxacağıq. Yığmaya çağırılan futbolçuların siyahısı sizə məlumdur. Orada ciddi dəyişiklik yoxdur. Buna görə də heyət haqda ümumi təsəvvür var. Ancaq kimlərin meydana çıxacağını bilavasitə oyun öncəsi açıqlayacağam. Həqiqətən də belə yığmalarla oyunda həlledici amil rəqibi qiymətləndirməmək sayılır. Bəli, Azərbaycan və Lixtenşteyn böyük komandalar sırasına daxil deyil. Ancaq hazırkı dövrdə hamı yaxşı, nizam-intizamlı futbol oynamağı öyrənib. Əgər rəqibi qiymətləndirməsək, təsəvvür edin ki, oyuna 0:1 hesabı ilə məğlub durumda çıxacağıq”.
0