Namiq Abdullayev yığmanın futbolçularını ruhlandırdı
25.03.2009 - 13:10
Namiq Abdullayev yığmanın futbolçularını ruhlandırdı
Olimpiya çempionu Namiq Abdullayev bu gün Azərbaycan milli komandasının üzvləri ilə görüşüb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, assosiasiya və milli komandanın rəhbərliyinin dəvətinə əsasən, Namiq Abdullayevlə yanaşı, Pekin Olimpiadasının gümüş mükafatçısı, Avropa çempionu Vitali Rəhimov və olimpiya kateqoriyalı hakim, əməkdar məşqçi Hicran Şərifov futbol yığmamızla görüşə gəliblər.

Ölkəmizin idman aləmində şərəfini qorumaqdan daim şərəf duyduqlarını bildirən çempionlar millimizə qarşıdakı oyunlarda yüksək əzmkarlıq və uğur arzulayıblar. Onlar hər dəfə meydana çıxanda böyük bir xalqı təmsil etdiklərini və onun adına layiq çıxış etməli olduqlarını düşündüklərini qeyd ediblər. Qazandığı yüksək nailiyyətlər barədə futbolçulara ətraflı məlumat verən idmançılar öz üzərlərində daim çalışdıqlarını bildiriblər: “Peşəkar idmançı meydana həmişə qələbə əzmi ilə çıxmaq üçün daim məşq etməlidir. Çünki o meydanda özünü deyil, xalqını təmsil edir”.
0