Petrjela: Allah bu bacarığı azərbaycanlılardan da əsirgəməyib
26.03.2009 - 10:50
Petrjela: Allah bu bacarığı azərbaycanlılardan da əsirgəməyib
Azərbaycan milli komandası ilə dünya çempionatının seçmə oyununa Rusiya mətbuatı da böyük maraq göstərir. Apasport.az saytının məlumatına görə, postsovet məkanının ən məşhur idman nəşrlərindən olan “Sovetskiy sport” qəzeti qarşılaşma ilə bağlı Vlastimil Petrjela ilə əlaqə saxlayıb. Həmkarlarımız 2007-ci ilin sentyabr-dekabr aylarında “Neftçi”yə rəhbərlik edən çexiyalı mütəxəssisdən konkret oyun deyil, Azərbaycan futbolunu dəyərləndirməsini xahiş edib.

Petrjela Azərbaycan futbolunun fiziki cəhətdən “axsadığını” düşünür: “Azərbaycan komandalarının ən böyük problemi fiziki hazırlıqla bağlıdır. Buna da səbəb dəhşətli istinin yayda məşq etməyə imkan verməməyidir. Lakin qışda Azərbaycanda əla hava müşahidə olunur. Bu məntiqlə onların futbolçuları yaxşı formada, fiziki cəhətdən ən yüksək səviyyəsində olmalıdır. Amma istənilən halda, rusiyalılar “fizika”ya daha çox diqqət ayırırlar”.

Çexiyalı millimizin texnikasından razıdır: “Azərbaycan millisinin ən texnikalı futbolçuları braziliyalı oyunçularıdır. Yerli pasporta məxsus cənubi amerikalıları nəzərdə tuturam. Prinsipcə, Allah bu bacarığı yerli futbolçulardan da əsirgəməyib”.

Petrjela yığmamızın lidersizliyini önə çəkir: “Azərbaycan futbolunda liderlər azdır. Milli komandada braziliyalı legionerlər seçilir. Məsələn Fabio Luis Ramim. Mən “Neftçi”nin baş məşqçisi olanda yığmaya ən azı 7 oyunçu verirdik. Onların hər biri də komandada aparıcı simalardan olurdu”.

Petrjelanın fikrincə, Azərbaycanda taktikaya diqqət ayrılmır: “Azərbaycan futbolunun başlıca fəlakəti taktikaya yetərincə diqqətin ayrılmamağıdır. Əksər oyunçular fərdi keyfiyyətlərinə görə güclüdür, lakin taktiki cəhətdən geri qalırlar. Bu səbəbdən də kollektiv oyun sarıdan problemlə üzləşirlər. Yəqin ki, hələ futbol məktəblərində nəyi isə yanlış edirlər. Azərbaycan yığması daim müdafiədən oynayır ki, topa daha çox nəzarət edə bilsin. Çünki onlara məhz taktiki səriştə çatmır. Amma sizi əmin edirəm ki, onlar sürətli əks hücumlar təşkil etməyi bacarırlar. Hərçənd, Rusiya yığmasının problemlə üzləşməyəcəyinə də əminəm”.

Çexiyalı Azərbaycan milli komandasının baş məşqçisi haqqında da fikirlərini bildirib: “Azərbaycanda Berti Foqtsla yollarımız kəsişməyib. Ümumiyyətlə, bu mütəxəssislə heç vaxt danışmamışam. Foqts necə oyunçu olubsa, məşqçi kimi də elə qalıb: ağıllı, qəti, sonadək mübarizə aparan. Ən nəhayət, dahi”.
0