“Azərbaycan yığmasında nə Krauç var, nə də Arşavin”
26.03.2009 - 11:42
“Azərbaycan yığmasında nə Krauç var, nə də Arşavin”
Martın 28-də keçiriləcək Rusiya – Azərbaycan oyunu ərəfəsində rus həmkarlarımız Ukraynaya da nəzər salıblar. Apasport.az saytını məlumatına görə, “Sovetskiy sport” qəzeti ötən ilin ilk 8 ayında “Neftçi”ni çalışdıran Anatoli Demyanenkonun qarşılaşma öncəsi fikirlərini öyrənməyi lazım bilib. Ukraynalı mütəxəssis yığmamızın fiziki cəhətdən olan problemlərinin baş məşqçi Berti Foqts tərəfindən aradan qaldırıldığını düşünür: “Azərbaycanlıların fiziki hazırlığına görə güclü olmamağı onların ən böyük problemlərindən biridir. Lakin Berti Foqts yığmaya gələr-gəlməz bunu başa düşərək, aradan qaldırmağa cəhd etdi. Mən “Neftçi”də işlədiyim vaxt almaniyalı bəzən oyunçuları gündə üç dəfə məşq etməyə məcbur edirdi. Nəticədə fiziki hazırlığı artırmağa nail oldu. Bu, Foqtsun Azərbaycan futbolundakı ən böyük xidmətlərindən biridir. Hərçənd, futbolçuların bəziləri Foqtsun onları həddən artıq yormağından şikayətlənirdi. O vaxt mənim işlədiyim “Neftçi”nin altı futbolçusu yığmaya çağırılırdı”.

Demyanenkonun fikrincə, azərbaycanlılar futbol cəhətdən texnikalı millətdir: “Biz bunu hələ SSRİ dövründən də xatırlayırıq. Onda “Neftçi” texnikalı və gözəgəlimli oyun göstərirdi. Oradakı oyunçular cənub temperamentinə malikdir. Hərdən topa elə aludə olurlar ki, ətraflarında nələrin baş verdiyini də unudurlar”.

Ukraynalı mütəxəssis yığmanın kapitanı Rəşad Sadıqovun liderlik keyfiyyətlərinə də toxunub: “Azərbaycan pasportuna malik legionerlərdən braziliyalı Fabio Luis Ramimi fərqləndirə bilərəm. Texnikalı, hücumameylli yarımmüdafiəçidir. Amma istənilən halda, Azərbaycan milli komandasının liderləri əslən yerli oyunçulardır. Bu mənada Türkiyənin “Kocaelispor” klubunda oynayan mərkəz müdafiəçisi Rəşad Sadıqovu qeyd edə bilərəm”.

Demyanenko bildirib ki, taktiki təhsillə bağlı yığmamızın problemləri var: “Azərbaycan milli komandasının gördüyüm oyunlarında onlar bir hücumçu ilə mübarizə aparırdı. Nə Krauç kimi hündür, nə də Arşavin kimi bəstəboy oyunçu ilə yox, adi bir ortaboylu hücumçu ilə. Amma kifayət qədər sürətli futbolçu ilə. Bu səbəbdən yığma əsasən yerlə oynayır. Düşünürəm ki, matçda hər şey Rusiya millisinin köklənməyindən asılı olacaq. Rəqibi qiymətləndirməmək təhlükəli, gücünü böyütmək lüzumsuzdur”.

Berti Foqtsun fiziki hazırlıqdakı irəliləyişini vurğulayan Demyanenko onun ümumi işinə qiymət verməkdən çəkinir: “Bir dəfə məşqçilərin yığıncağında Foqtsla görüşmüşəm. Foqtsun Azərbaycan millisinin inkişafında hansı rol oynadığını deyə bilmərəm. Çünki mən “Neftçi”də çalışmağa başlayanda almaniyalı artıq yığmanın baş məşqçisi idi. Onun komandanı hansı vəziyyətdə qəbul etdiyini bilmədiyimdən buna çətinlik çəkirəm”.
0