Hiddink: Azərbaycan yığmasını futbol “cırtdan”ı saymıram
26.03.2009 - 12:05
Hiddink: Azərbaycan yığmasını futbol “cırtdan”ı saymıram
“Azərbaycan milli komandasını futbol “cırtdan”ı saymıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının baş məşqçisi Qus Hiddink deyib.

Martın 28-də keçiriləcək dünya çempionatının seçmə oyunu ərəfəsində hollandiyalı çalışdırıcı yığmamız haqda fikirlərini açıqlayıb: “Azərbaycan yığmasının Finlandiya ilə oyununu izləmişəm. Bu matç onların zəif olmadığını göstərir. Həmin qarşılaşmada rəqibimiz mütəşəkkil komanda təsiri bağışlayırdı ki, bu da finlərə oyun göstərmək və nəticə qazanmaqda xeyli problem yaratmışdı”.

Hiddink rəqibini Berti Foqts kimi mütəxəssis olmasından da narahatdır: “Ən sonda Azərbaycanı Berti Foqts çalışdırır. Avropa çempionatının qızılını qazanan almaniyalı çoxdan bilir ki, belə matçlarda necə oynamaq lazımdır. O, texniki cəhətdən istedadlı futbolçuları bir araya gətirib. Düşünmürəm ki, bizi qarşıda sadəcə bir oyun gözləyir. Nəticə də öz-özünə gəlməyəcək, onu qazanmaq üçün düzgün şeylər etmək lazımdır. Əks halda, saat yarım ərzində bizi çətin anlar gözləyir”.
0