“İsveç çempionatı Azərbaycandakı kimi zəif deyil”
26.03.2009 - 13:28
“İsveç çempionatı Azərbaycandakı kimi zəif deyil”
Futbol üzrə Azərbaycan Premyer Liqası İtaliyada da müqayisə obyektinə çevrilib. Apasport.az saytının məlumatına görə, İtaliya milli komandasının sabiq futbolçusu Feliçiano Maqro çempionatımızın səviyyəsinin aşağı olmasını dilə gətirib. İsveçrədə doğulmuş 30 yaşlı yarımmüdafiəçi həmkarımızın karyerasını niyə İsveçdə davam etdirməsinə cavab vermək üçün Azərbaycan Premyer Liqasını xatırlayıb: “Təbii ki, məsələnin idman tərəfinə baxanda, İsveç çempionatı o qədər güclü deyil. Lakin burada da 38 min tamaşaçı qarşısında oynadığım vaxtlar olub. Həm də, İsveçdəki liqa Azərbaycan çempionatı qədər zəif deyil ki”.

Qeyd edək ki, İsveçrənin 15 və 18, İtaliyanın isə 20 və 21 yaşlılardan ibarət milli komandaların, həmçinin “Qrassphopers”, “Bazel”, “Sürix”, “Luqano” (hamısı İsveçrə), “Udineze” (İtaliya) və “Yurqorden” (İsveç) klublarının şərəfini qorumuş Maqro hazırda bir vaxtlar İqor Ponomaryovun oynadığı “Norçepinq” klubunda çıxış edir.
0