“Azərbaycan mundialın final mərhələsinə çıxmağa iddialıdır”
27.03.2009 - 10:50
“Azərbaycan mundialın final mərhələsinə çıxmağa iddialıdır”
Sabah ruslarla qarşılaşacaq Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Moskvadan üç xalla dönmək arzusundadır. Apasport.az saytının məlumatına görə, məşhur “Sovetskiy sport” qəzetinə müsahibə verən 63 yaşlı almaniyalı çox iddialı danışıb. O, komandamızın hələ də dünya çempionatının final mərhələsinə çıxmaq iddiasında olduğunu açıqlayıb.

- Moskvaya xoş gəlmişsiniz, cənab Foqts....
- Çox sağ olun. Amma mən artıq hesabı itirmişəm ki, neçənci dəfədir bura gəlirəm. Yəqin ki, 10-12 dəfə olar. Yenidən gəlməyimə də çox şadam.

- Rusiya paytaxtı nə ilə xatirənizdə qalıb?
- Mənim üçün Moskva bu şəhərdən alıb evimə apardığım bir suvenirlə yadda qalıb. Bu “zad”ın adı nə idi? Taxtadandır, içində də...

- “Matryoşka”!
- Elədir ki, var – “matryoşka”. İndiyədək onu saxlayıram.

- Yenə suvenir alacaqsınız?
- Yox, siz nə danışırsınız? Bu dəfə işim çoxdur, Moskvaya bazarlıq üçün gəlməmişəm.

- Sonuncu dəfə sizinlə Avropa çempionatının final mərhələsində görüşmüşdük. Onda siz tribunadan Rusiya yığmasının oyununu izləyirdiniz...
- Xatırlayıram. Onda mən alman jurnalistlərə yarışın bəzi oyunlarını işıqlandırmaqda kömək edir, məşqçi həmkarlarımla görüşürdüm. Eyni zamanda, Azərbaycan milli komandasının rəqibləri Almaniya və Rusiya yığmalarını güdürdüm.

- Siz İspaniya ilə Rusiyanın qrup mərhələsindəki oyununda hesabın 1:1 olacağını demişdiniz. Nəticədə isə matç 1:4 hesabı ilə başa çatdı...
- Hə, onda mən proqnozumda böyük səhv etmişdim. Lakin Rusiya yarımfinala qədər irəliləyə bildi. Elə o vaxt rəqibimizin güclü tərəflərini bildim: güclü olan yarımmüdafiənin mərkəzi, sürətli cinahlar. Bütün bunları komandanız növbəti oyunlarda da göstərdi.

- Şənbə günü Rusiya yığmasının həmin keyfiyyətlərini yenə görəcəyiniz gözlənilir...
- Təkcə onu deyim ki, sizin komanda evdə səfərdəkindən daha güclü oynayır. Eyni zamanda, Qus Hiddinkin komandasını dünyada ən güclülərdən biri saydığımı da qeyd edim.

- Hiddinklə şəxsi tanışlığınız var?
- Biz sadəcə tanış deyilik. Mən onu dostum sayıram. Son dəfə iki ay əvvəl Avropa məşqçilərinin Vyana şəhərindəki forumunda görüşmüşük. Qus - əla məşqçi və xoş insandır. Onunla söhbət etmək həmişə maraqlıdır.

- Çoxları Rusiya ilə oyunu sizin üçün şərəf məsələsi sayır. Axı Hiddinkin yetirmələrinin əsas rəqibi olan həmvətənlərinizə - Almaniya yığmasına kömək etmək lazımdır...
- Nə haqda danışdığınızı başa düşmürəm. Şəxsən mən heç kimə kömək etməyi düşünmürəm. Ümumiyyətlə, Azərbaycan yığması da seçmə qrupundan çıxa bilər.

- Məgər alman dostlarınız Rusiyanı məğlub etməyinizi xahiş etməyiblər?
- Mənə Azərbaycandakı dostlarım uğurlar arzulayıb. Bütün Azərbaycan xalqı da bizdən yaxşı oyun gözləyir. Bir daha təkrarlayıram, biz dünya çempionatının final mərhələsinə çıxmağa hələ də iddia edirik. Buna görə də, heç kimə heç bir kömək etməyəcəyik.

- Moskvada heç-heçə və ya minimal hesablı məğlubiyyət sizi qane edəcək?
- Siz zarafat edirsiniz? Məni yalnız qələbə qane edir.
0