Azərbaycan milli komandasının Rusiya qarşı start heyəti
27.03.2009 - 11:00
Azərbaycan milli komandasının Rusiya qarşı start heyəti
Azərbaycan yığmasının Rusiya ilə sabah Moskvada keçiriləcək rəsmi oyuna təxmini start heyəti məlum olub. Apasport.az saytının məlumatına görə, milli komandamızın baş məşqçisi Berti Foqts zədəli Kamran Ağayevi Fərhad Vəliyevlə əvəzləyəcək.

Müdafiənin mərkəzində kapitan Rəşad Sadıqovla Saşa Yunisoğlu, cinahlarda isə Rail Məlikov və Mahir Şükürov yer alacaq. Bu müdafiə “dördlüy”ü son rəsmi oyunumuzda – ötən ilin oktyabrında Finlandiya ilə Helsinkidə keçirilən rəsmi görüşdə (0:1) də əsas heyətdə meydana çıxmışdı. Adətən sağda yer alan Railin yığmada yenə solda, Mahirin isə sağda oynayacağı gözlənilir.

Dayaq yarımmüdafiəçiləri funksiyasını Samir Abbasovla Elmar Baxşıyev yerinə yetirəcək. Yarımmüdafiənin cinahları Rahid Əmirquliyevlə Elvin Məmmədova tapşırılacaq. Millimizin oyun qurucusu olan braziliyalı Fabio Luis Ramim irəlidə tək hücumçu olan Vaqif Cavadova dəstək verəcək. Rusiyalı həmkarlarımız az öncə Çinin “Çanqçun Yatay” klubuna keçən Branimir Subaşiçin ilk dəqiqələrdən meydanda olacağını iddia edir. Ancaq 27 yaşlı serb hücumçunun son vaxtlar klubsuz qaldığı, oyun praktikası sarıdan ciddi korluq çəkdiyi üçün əsas heyətdə yer alacağı inandırıcı görünmür.
0