“Braziliya hokkeydə, Rusiya futbolda çempion olanda, Azərbaycandan uğur gözləyin”
27.03.2009 - 11:46
“Braziliya hokkeydə, Rusiya futbolda çempion olanda, Azərbaycandan uğur gözləyin”
Moskvada yaşayan soydaşlarımız Rusiya – Azərbaycan matçında kimə azarkeşlik edəcəklər? Apasport.az saytının məlumatına görə, Rusiya mətbuatı sabah baş tutacaq görüş ərəfəsində bu ölkədə yaşayan həmvətənlərimiz arasında sorğu keçirib.

1. Azərbaycanda baş verənləri izləməyə vaxt tapırsınızmı?

Yuli Qusman, məşhur kinorejissor:
“Əlbəttə. Ailəm 20 il Azərbaycanda yaşayıb. Valideynlərim də orada dəfn olunub. Çoxdandır Moskvada yaşasam da, kiçik vətənimi də unutmuram. Ora getməyi xoşlayıram. Mən tez-tez orada oluram, Bakıda dostlarım var”.

Emil Əliyev, Rusiya mini-futbol assosiasiyasının baş direktoru: “Təbii ki. Hər il Bakıda oluram. Bu yaxınlarda Azərbaycan futzal yığmasının Avropa çempionatının final mərhələsinə çıxmasına çox sevindim. Baxmayaraq ki, komandada milliləşən legionerlər var idi. İstənilən halda, bu uğurdur. “Böyük” futbol yığması isə belə uğuru yuxuda da görmür”.

İlqar Məmmədov, ikiqat olimpiya çempionu: “Təəssüf ki, yox. Beynəlxalq Qılıncoynatma Federasiyasının üzvü olduğumdan çox məşğulam. Hətta Moskvada da yolüstü oluram”.

Əhməd Ələsgərov, Azərbaycan milli komandasının sabiq baş məşqçisi: “Təxminən 40 faizini izləyirəm. Digərləri nəzərimdən qaçır. Azərbaycan futboluna marağım itib. Nə qədər məşqçi dəyişdilər, heç nəyə nail olmadılar. Təsəvvür edin ki, ölkənin aparıcı klubu olan “Neftçi” çempionatda 9-cu yerdədir. Bu, faciədir. Gedib nəyi isə düzəltməyə də imkanım yoxdur. Həm də ki, niyə mən bunu etməliyəm?”

2. Rusiya – Azərbaycan oyununda kimə azarkeşlik edəcəksiniz?

Qusman:
“Gözəl futbola”.

Əliyev: “Rusiyaya. Axı mən vətənpərvərəm. Amma həmişə kiçik vətənimin Azərbaycan olduğunu da xatırlayıram”.

Məmmədov: “İsveçrə kimi neytrallığımı saxlayıram. Açığını deyim ki, heç bilmirəm Azərbaycan milli komandasında hansı soyadlı futbolçulara diqqət yetirmək lazımdır”.

Ələsgərov: “Nə onlara, nə o birilərə”.

3. Foqts sizdə təəssürat yarada bilib? Sizcə Rusiya üçün Hiddink nədirsə, almaniyalı da həmin səviyyədədir?

Qusman:
“Foqtsun təcrübəsi Azərbaycana kömək edəcək”.

Əliyev: “Hiddinkin Rusiyadakı uğurlarını Foqtsun Azərbaycanda təkrarlamağına hələ şox var. Amma onun yığmaya gəlməsi yalnız fayda verəcək. Almaniyalıdan çox şey öyrənmək olar. İlk növbədə nizam-intizam”.

Məmmədov: “Foqtsa Hiddinkin uğurlarını arzulaya bilərəm. Belə olarsa, onu Bakının küçələrində əllərində gəzdirəcəklər”.

Ələsgərov: “Biabırçılıqdır. Öz məşqçilərini tapmırdılar ki. Hiddinkin Rusiyada işləməsi də biabırçılıqdır”.

4. Son dəfə Azərbaycan yığmasının oyununda nə vaxt olmusunuz?

Qusman:
“Mən ümumiyyətlə stadionlara nadir hallarda gedirəm. Televiziya ilə izləməyi sevirəm. Çünki azarkeşlər özlərini vəhşi kimi aparırlar”.

Əliyev: “Rusiya yığmasının Moskvadakı oyunlarını buraxmıram. Şənbə günü də stadionda olacağam. Azərbaycan millisini isə 5 il əvvəl Bakıda görmüşəm. Həmin heyətdən heç kim qalmayıb”.

Məmmədov: “Ötən əsrin 80-ci illərində Bakıda yaşayanda, “Neftçi”nin oyunlarına gedirdim”.

Ələsgərov: “Lap çoxdan. Bakıda yaşayanda türklərlə oyunu izləmişəm”.

5. Azərbaycan yığması hansısa böyük turnirə düşə biləcəkmi? Bu real görünürmü?

Qusman:
“Ola bilər. Azərbaycanda zəngin ənənələr var. Dövlət rəhbərliyi də qayğı göstərir. İşləmək lazımdır ki, nəticə gəlsin”.

Əliyev: “Real görünür. Amma yaxın gələcəkdə yox. Azərbaycan çempionatının səviyyəsi ildən-ilə artır. Amma yalnız legionerlərin sayəsində”.

Məmmədov: “Pele Rusiya yığması və dünya çempionluğu haqqında nə demişdi? “Braziliya hokkeydə dünya çempionu olanda Rusiya da futbolda dünya çempionu olacaq. Bax elə həmin vaxt Azərbaycan yığmasının zamanı gələcək”.

Ələsgərov: “Yox. Bunun üçün məşq prosesini müasir futbola uyğun qurmaq lazımdır”.
0