Rusiya – Azərbaycan görüşünə 58 min bilet satılıb
27.03.2009 - 12:44
Rusiya və Azərbaycan milli komandaları arasında sabah Moskvada keçiriləcək oyuna baxmaq istəyən azarkeşlərin sayı durmadan artır. Apasport.az saytının məlumatına görə, satışa çıxarılan 60 min biletdən artıq 58 mini satılıb. Matçın keçiriləcəyi “Lujniki” stadionunda B, C də D tribunalarına biletlərin hamısı satılıb. 6500 yer kvotası ayrılan Azərbaycan tərəfi əlavə 200 bilet verilməsini xahiş edib. Bunun D tribunasında tapılması söz verilsə də, həyata keçirilməsi heç də asan olmayacaq. Oyuna anşlaqın olacağını nəzərə alan Rusiya Futbol İttifaqı, Moskva şəhər daxili işlər idarəsi və “Lujniki”nin rəhbərliyi azarkeşlərə stadiona tez – matçın başlanmasından saat yarım və iki saat əvvəl gəlməklə bağlı müraciət edib. Həmin vaxt onlar tribunalarda darıxmayacaq, çünki DJ İqor Qrom hazırladığı musiqi ilə onları əyləndirəcək.
0
0