Ənənə davam etsə, Azərbaycan Rusiyadan xalla dönəcək
27.03.2009 - 13:44
Ənənə davam etsə, Azərbaycan Rusiyadan xalla dönəcək
Azərbaycan milli komandası sabah 2009-cu ildə ilk rəsmi oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, yığmamız dünya çempionatının seçmə qrup mərhələsində növbəti görüşünü Moskvada Rusiyaya qarşı keçirəcək. Bakı vaxtı ilə saat 18:00-da “Lujniki” stadionunda startı veriləcək matçı Serj Qyumenninin başçılıq etdiyi belçikalı hakimlər briqadası idarə edəcək.

Rusiya - Azərbaycan oyunu bır sıra məqamlarla böyük maraq kəsb edir. Əvvəla, ona görə ki, 70 il SSRİ-ni təmsil edən iki respublika ilk dəfə əsas yığmalar səviyyəsində üz-üzə gələcək. Hər iki milli komandanın baş məşqçilərinin kimliyi də görüşün marağını artırır. Hər halda, həmyaşıd olan holland Qus Hiddinklə alman Berti Foqts nəinki Avropada, elə dünyada da tanınan, nüfuzlu, sayılıb-seçilən mütəxəssislər sırasına aid edilir.

Bir ildir millimizi çalışdıran Foqts Moskvaya “5” dalınca yollanıb. Məsələ ondadır ki, komandamız 63 yaşlı mütəxəssisin rəhbərliyi altında artıq ardıcıl 4 oyundur uduzmur. Millinin klublarla keçirdiyi oyunlar FİFA və UEFA tərəfindən hesaba alınmadığından, bu il “Slaviya” (Çexiya) və “Ayntraxt”a (Almaniya) uduzduğumuz yoldaşlıq görüşləri nəzərə alınmır. Ancaq rəsmi matçlarda Foqtsun komandası hələ ki uğurla öyünə bilməz. Belə ki, qrupda keçirdiyimiz üç matçda nəinki qələbə qazanmamışıq, heç qol da vura bilməmişik. Foqtsun dövründə əksər vaxt yoxlama oyunlarında meydanı qolsuz tərk etməyən futbolçularımız rəsmi matçda da rəqib qapısına yol tapmaq bacardığını nümayiş etdirməlidir.

Oyunun keçiriləcəyi meydanın vəziyyəti və hava şəraiti də nəticəyə təsir edə bilən məqamlardandır. Belə ki, Rusiya – Azərbaycan oyununun keçiriləcəyi “Lujniki” stadionu sintetik örtüyə malikdir. Martda Moskvada havanın pis olmasını nəzərə alan ruslar hələ xeyli əvvəldən görüşün bu arenada keçirilməsinə qərar verdilər. Təsadüfi deyil ki, elə Foqts da səfərə çıxmamışdan öncə son hazırlıq prosesini sintetik örtüyə malik “Şəfa” stadionunda keçirdi və bu da komandanın uyğunlaşma prosesinə hesablanan addım idi. Sabaha olan hava proqnozu isə elə də ürəkaçan deyil. Belə ki, hava buludlu olacaq, bir az qar yağması mümkündür, saniyədə 4-7 metr cənub-qərb küləyi əsəcək. Havanın temperaturu - 1 + 1 dərəcə aralığında olacaq.

Qarşılaşma milli komandamızın müdafiəçisi Sergey Sokolovla hücumçu Vaqif Cavadov üçün daha prinsipial əhəmiyyət daşımalıdır. Məsələ ondadır ki, Vaqif futbolda ilk addımlarını Rusiyada, Moskva MOİK-ində atıb. Sergey isə milliyətcə rus olduğundan, həmyerlilərinə qarşı çıxış edəcək. Milliləşdirilən Sokolov Rusiya ilə sabahkı görüşdə iştirak edərsə, iki il yarımlıq fasilədən sonra rəsmi matçda yığmamızın heyətində meydana çıxacaq. 32 yaşlı müdafiəçi sonuncu dəfə 2006-cı ilin oktyabrında Belçika yığması ilə səfərdə keçirilən matçda oynayıb. Brüsseldə böyük hesabla uduzduğumuz (0:3) həmin görüşdə dopinqdə ilişən Sokolov UEFA-nın 18 aylıq diskvalifikasiyasına məruz qaldı.


Yeri gəlmişkən, Azərbaycan yığması tarixində üçüncü dəfə öz oyununu martın 28-də keçirəcək. Sabahkı tarixdə meydana çıxan futbolçularımız hər dəfə rəqib qapısına bir qol vurub. 2001-ci ildə səfərdə Slovakiyaya 1:3 hesabı ilə uduzan milli komanda iki il əvvəl Finlandiyanı minimal hesabla məğlub etdi. 2007-ci il martın 28-də qazanılan həmin qələbə yığmamızın seçmə mərhələlərdəki sonuncu uğurudur.

Maraqlıdır ki, Rusiya milli komandası da martın 28-də yalnız bir qol vurur. 2001-ci ildə Moskvada zəif Farer adaları ilə qarşılaşan rəqibimiz həmin görüşdə minimal hesablı qələbə qazanıb – 1:0. Bu rusların sabahkı tarixdə keçirdiyi yeganə qarşılaşmadır.

Bir sözlə, hər iki komanda bu ənənəsini davam etdirsə, görüş 1:1 hesabı ilə nəticələnəcək.