Biabırçı məğlubiyyətin tək şahidi: Rəşad Sadıqov
28.03.2009 - 00:02
Biabırçı məğlubiyyətin tək şahidi: Rəşad Sadıqov
Rusiya milli komandası Azərbaycanın futbol tarixinə qara damğasını vurub. Apasport.az saytının məlumatına görə, aşağı yaş qruplarından ibarət yığmalarımız tarixində ən böyük hesablı məğlubiyyəti – 0:10-u şimal qonşularımızdan alıb.

2000-ci ildə Avstriyanın Braunau şəhərində 18 yaşlılardan ibarət yığma komandalar (indiki U-19) arasında keçirilən Avropa çempionatının seçmə mərhələ oyunlarında Azərbaycan Aleksandr Qrebnevin çalışdırdığı Rusiyaya belə ağır hesabla uduzub. Milli komandamızın kapitanı qismində 1995-ci ildə Fransa yığmasına 0:10 uduzan Şahin Diniyev məşqçi kimi də bu hesabla məğlubiyyət alıb. Belə ki, həmin vaxt əsasən 1982-ci il təvəllüdlü futbolçulardan ibarət yığmamızın çalışdırıcısı məhz Diniyev olub.

Həmin komandadan sabah ruslara qarşı oynamaq imkanı olan yeganə futbolçu millimizin kapitanı Rəşad Sadıqovdur. Elə ruslarda da belə futbolçu bir nəfərdir – müdafiəçi Aleksandr Anyukov. Sadıqov Türkiyənin “Kocaelispor”, Anyukov isə Rusiyanın “Zenit” klubunda çıxış edir. Həmin vaxt Rəşad Tovuzun “Turan”, Aleksandr isə Samaranın “Krılya Sovetov” klubunda forma geyib.

Doqquz il öncə keçirilən həmin görüşdə qapımızdan vurulan 10 qoldan 4-ün müəllifi tanınan hücumçu Aleksandr Kerjakov vurub. Maraqlıdır ki, həmin vaxt Aleksandr aşağı divizionda “Svyatoqorsk” klubunda çıxış edirmiş. Rusiya milli komandasının baş məşqçisi Qus Hiddink hazırda Moskvanın “Dinamo” klubunda oynayan Kerjakova nə ötən yay Avropa çempionatında bürünc mükafat qazanan heyətdə yer verdi, nə də onu cari seçmə mərhələdə çağırır. Elə Aleksandr kimi yığmamızla əvvəlki görüşdə qol vuran Portuqaliyanın “Sportinq” klubunun yarımmüdafiəçisi Marat İzmayılov da eyni vəziyyətdədir. Qapımızdan hərəyə bir top keçirən İzmayılov həmin vaxt Moskvanın “Lokomotiv”, Buşuyev isə Almaniyanın “Herta” klubunun futbolçusu olub.

Azərbaycanla görüşdə “dubl” edənlər o dövrdə Moskva MOİK-i ilə Fransanın “Bordo” klubunda oynayan Danıpinlə Kosonoqov olub. Aleksey Kosonoqov ötən qış karyerasını ölkəmizdə davam etdirməyə yaxın olsa da, sonda transferi baş tutmamışdı. “Olimpik”in düşərgəsində yer alan hücumçu Bakıya gəlsə də, keçidi reallaşmadı.

Qeyd edək ki, ruslarla digər rəsmi oyunlarımız da aşağı yaş qruplardan ibarət yığmalar səviyyəsində olub. Ümumilikdə keçirilən 6 görüşdən 4-cü böyük hesablı məğlubiyyətimiz, 2-si heç-heçə ilə nəticələnib.

1996/97 mövsümü

Azərbaycan U-17 – Rusiya U-17 – 0:3
Baş məşqçi: Nadir Qasımov

2000/01 mövsümü

Azərbaycan U-17 – Rusiya U-17 – 1:4
Baş məşqçi: Siyavuş İbrahimov

Azərbaycan U-19 – Rusiya U-19 – 0:10
Baş məşqçi: Şahin Diniyev

2005/06 mövsümü

Azərbaycan U-17 – Rusiya U-17 – 1:1
Baş məşqçi: Şakir Qəribov

Azərbaycan U-19 – Rusiya U-19 – 0:3
Baş məşqçi: Böyükağa Ağayev

2007/08 mövsümü

Azərbaycan U-17 – Rusiya U-17 – 1:1
0