Foqtsla Hiddinkin üçüncü dueli
28.03.2009 - 10:49
Foqtsla Hiddinkin üçüncü dueli
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts karyerasında üçüncü dəfə Qus Hiddinkin rəhbərlik etdiyi komanda ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, yığmamızın 63 yaşlı almaniyalı çalışdırıcısı bu gün qarşılaşacağı Rusiya millisinə rəhbərlik edən holland həmkarı ilə matçlardan heç-heçə ilə ayrılmayıb.

Mütəxəssislərin ilk dueli 1996-cı il aprelin 24-ə təsadüf edib. Həmin vaxt həm Foqts, həm də Hiddink öz vətəninin yığmasına başçılıq edib. Almaniyalı bu yoldaşlıq görüşündə qələbə qazanan tərəf olub – 1:0. 2002-ci il mayın 16-da isə Hiddinkin Cənubi Koreya yığması Foqtsun rəhbərlik etdiyi Şotlandiyanı üstələyib – 4:1.

Foqtsun çalışdırdığı komandalar heç vaxt ruslara uduzmayıb. Belə ki, almaniyalı SSRİ, MDB və Rusiya milli komandaları ilə görüşlərdən alnıaçıq çıxıb. 1991-ci ildə almaniyalının rəhbərlik etdiyi həmvətənləri SSRİ-ni 2:1 hesabı ilə məğlub edib. Bir il sonra MDB yığması Bundestimlə yeganə heç-heçəyə sevinib – 1:1. İmperiyanın dağılmasından sonra isə Rusiya ilə qarşılaşmalarda almanlar heç qol da buraxmayıb. 1994-cü ildə Foqtsun komandası 1, iki il sonra isə 3 cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, ardıcıl 4 oyundur məğlub olmayan Azərbaycan milli komandasının rəqibi Hiddinkin rəhbərliyi altında heç vaxt öz meydanında uduzmayıb.
0