13 il əvvəl Foqts Klinsmanın qolu ilə qalib gəldi, bəs indi?
28.03.2009 - 14:22
13 il əvvəl Foqts Klinsmanın qolu ilə qalib gəldi, bəs indi?
Bu gün dünya çempionatının seçmə mərhələsində qarşılaşacaq Azərbaycan və Rusiya milli komandalarının baş məşqçiləri mətbuatın gündəmindən düşmür. Apasport.az saytının məlumatına görə, yığmamızın çalışdırıcısı Berti Foqts və onun holland həmkarı Qus Hiddink “Sport-Ekspress” nəşrinə müsahibə verib.

- Bu günkü rəqibinizlə ilk dəfə 1996-cı ilin aprelində qarşılaşıbsınız. Həmin vaxt Rotterdamda keçirilən yoldaşlıq oyununda hər ikiniz öz vətəninizin yığmasına rəhbərlik edirdiniz. Almaniyanın Hollandiyanı 1:0 hesabı ilə məğlub etdiyi qarşılaşmanı necə xatırlayırsınız?

Qus Hiddink:
Yadımda o qalıb ki, rəqibin hücum xəttində Yurgen Klinsman yer almışdı. Qolu da o vurdu, penaltidən. Ümumiyyətlə, yoxlama matçları yaddaşımda yaxşı qalmır. Həm də görün üstündən neçə il keçib.

Berti Foqts: SSRİ və Rusiya yığması ilə dəfələrlə qarşılaşmışam. Səhv etmirəmsə, həmin görüşlər də mənim xeyrimədir. Hiddinklə yeni görüşümüz də maraqlı olacaq.

- Almaniya və Hollandiya futbolunun kəskin rəqabəti var. Bu məşqçilik məktəblərinin qarşıdurmasında da əks olunurmu?

Hiddink:
Düşünmürəm ki, belədir. Düzdür, bu iki fərqli məşqçilik məktəbləridir. Lakin hansısa prinsipial rəqabətdən söhbət gedə bilməz. Klub və yığmalar arasında şübhəsiz ki, prinsipiallıq var. Amma məşqçilər arasında yox. Heç bir alman məşqçi ilə dost deyiləm. Ümumiyyətlə, dost məsələsinə həssas yanaşıram. Çox dost olmur. Tanışlarım isə Almaniyada yetərincədir. Bekkenbauer, Hitsfeld, Haynkes, Rehagel, Şaaf, Foqts və başqaları. Foqtsla o Şotlandiya, mən Koreyada işləyəndə tanış olduq. O vaxtdan münasibətlərimiz yaxşıdır.

Foqts: Almaniya və Hollandiyanın zəngin futbol ənənələri var. Və bir çox dünya ölkələrini bu iki futbol məktəbinin yetirmələri çalışdırır. Çox hörmət etdiyim Hiddink də onlardan biridir.

- Rəqibdən sürpriz gözləyirsiniz?

Hiddink:
Müasir futbolda sürpriz çox olmur. İndiki dünyada hamı bir-birini tanıyır. Biz biliriksə, bizim haqqımızda da bilirlər.

Foqts: Futbolda hər şey olur. Rusiya güclü komandadır və güclülər taktikanı dəyişə bilir. Çox istəyərdim ki, sürprizlər olsun. Lakin yalnız bizim tərəfdən.

- Həmkarınızı bir kəlmə ilə xarakterizə edə bilərsiniz?

Hiddink:
Peşəkarlıq səviyyəsi yüksək olan, düzgün, vicdanlı, eyni zamanda sadə məşqçi.

Foqts: Hiddink son vaxtlar həm klub, həm yığmada nəticələr əldə edən uğurlu məşqçidir.

- Hər ikiniz sabiq SSRİ məkanında çalışan qərbi avropalı mütəxəssislərsiniz. Öz işinizdə ən böyük çətinlik kimi nəyi görürsünüz?

Hiddink:
Missiyamı sona çatdırmağım mümkünsüzdür. Çünki, bu yığma yox, Rusiya futbolunun inkişafı ilə bağlı məsələdir.

Foqts: Azərbaycanda idmana və futbola diqqət və qayğı böyükdür. Mən də bu idman növünü inkişaf etdirməliyəm. Düşünürəm ki, biz düzgün yoldayıq. 3-4 ilə Azərbaycan futbolu yeni səviyyəyə yüksələcək.
0