Semak: Azərbaycanla matç heç-heçə olsaydı, bu, sensasiya olacaqdı
29.03.2009 - 09:29
Semak: Azərbaycanla matç heç-heçə olsaydı, bu, sensasiya olacaqdı
“Layiqli qələbə qazandıq. Hərçənd qol şanslarımız o qədər də çox deyildi. Təbii ki, heç də ən yaxşı oyunumuzu oynamadıq. Lakin çox rahatlıqla 3 xalı əldə etdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının kapitanı Sergey Semak deyib.

Azərbaycan yığmasını 2:0 hesabı ilə məğlub edən rəqibimizin futbolçusu qələbəni asanlıqla qazandıqlarını deyib: “Düşünürəm ki, biz ötən il çox yaxşı futbol göstərirdik. İndi isə bunu yalnız qənaətbəxş saymaq olar. Ən əsası biz müdafiədə etibarlı oynadıq. Heç də bütün oyunlar parlaq alınmır ki, bu matç da onlardan biri idi”.

Semakı yığmamızın yaxşı oyunu bir az təəccübləndirib: “Azərbaycanla qarşılaşmaya köklənmək çətin deyildi. Təbii ki, rəqibimizin motivasiyası daha güclü idi. Onlar layiqli oyun göstərmək istəyirdi. Onlar qalib gəlsəydi, lap heç-heçə etsəydi belə bu sensasiya olacaqdı. Biz isə buna imkan verməməli idik. Bu, bizə təzyiq edirdi. Bu gün ən çətini qol vurmaq idi. Bir də qalib gəlmək. Rəqibimiz çox yaxşı oynadı. Çalışırdılar ki, bacardıqlarını etsinlər. Müdafiə xəttini yaxşı qurmuşdular. Təbii ki, Berti Foqtsun işi görünürdü. Amma səviyyədə Azərbaycan yığmasını üstələyə bildik”.
0