Samir Abbasov: Ən əsas odur ki, Moskvada dizlərimiz əsmirdi
29.03.2009 - 09:35
Samir Abbasov: Ən əsas odur ki, Moskvada dizlərimiz əsmirdi
Azərbaycan yığmasının vitse-kapitanı Samir Abbasovun Rusiya milli komandası ilə görüşdən sonra müsahibəsi

- Oyun haqda fikirlərinizi bilmək istərdik?
- Buraxdığımız ilk qol yöndəmsiz alındı. Ancaq buna görə qapıçımızı günahlandırmaq istəməzdim. Bu, futboldur, hər şey olur. Bu gün komandanın oyunu çox xoşuma gəldi. Layiqli oynadıq. Ən əsas odur ki, dizlərimiz əsmirdi.

- Azərbaycanın müdafiədən oynaması sizin üçün adətdir?
- Bəli. Biz üç güclü rəqiblə səfərdə oynadığımız üçün müdafiə olunurduq. Məşqlərdə buna diqqət yetirirdik.

- Cavab matçında komanda daha yaxşı təsir bağışlayacaq?
- Belə deyim ki, Rusiyaya asan olmayacaq. Nəinki Rusiyaya, elə digər rəqiblərimizə də. Azərbaycanın itiriləsi heç nəyi yoxdur. Biz meydana qələbə qazanmaq, azarkeşlərimizi sevindirmək üçün çıxacağıq.

- Semşovla kiçik insidenti necə şərh edərdiniz?
- İlk hissədə yığmamızın futbolçusu açıq ayaqla rəqibin üstünə getdi və sarı vərəqə aldı. Elə bunu daha sonra Semşov etdi və bundan sonra mənə nəsə deməyə başladı. Mən də onu itələdim. Hakim mənə sarı vərəqə göstərdi və bu, ədalətlidir. Ancaq hesab edirəm ki, Semşov da həmin epizodda düz hərəkət etmədi.

- Məşqçinin oyun üçün verdiyi tapşırığı yerinə yetirmək mümkün oldumu?
- Müdafiədən fərqli, hücumda bunu edə bilmədik. Rəqib müdafiəçiləri istirahət etməməyi üçün hücumda kəskinliyi artırmalı idik.

- Fabio Luis Ramimin zədəsi nə dərəcədə ciddidir?
- O, Jirkovla toqquşmadan sonra dizini zədələdi. Bunun nə dərəcədə ciddi olması hələ məlum deyil.
0