“Xəzər-Lənkəran”da növbəti qalmaqal: kapitan da qovuldu!
29.03.2009 - 11:17
“Xəzər-Lənkəran”da növbəti qalmaqal: kapitan da qovuldu!
“Xəzər-Lənkəran” rəhbərliyi komandanın kapitanı Emin Quliyevi transferə çıxarıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi İqor Ponomaryov 32 yaşlı müdafiəçinin hazırlıq səviyyəsindən narazıdır. Onun fikrincə, futbolçu əvvəlki oyununu nümayiş etdirmir. Bu səbəbdən klub rəhbərliyi potensialından aşağı çıxış edən və intizamsızlığı ilə seçilən Quliyevin heyətdən kənarlaşdırılmasına qərar verilib. Hələlik müqaviləsi olan futbolçu transferə çıxarılıb.

2005-ci ilin yayında “Neftçi”dən “Xəzər-Lənkəran”a keçən Emin komandanın heyətində keçirdiyi 70 çempionat oyununda 10 qol vurub. O, cənub təmsilçisindən narazılıqla ayrılan ilk futbolçu deyil. Belə ki, Quliyevədək Zaur Ramazanov, Mario Souza, Mahir Şükürov kimi oyunçular transferə çıxarılsa da, sonradan geri qaytarılmışdı. Qış fasiləsində isə bolqar hücumçu İvan Svetkovla bağlı qalmaqal yaranmışdı. Premyer Liqanın bombardiri “Xəzər-Lənkəran”ın Antalyadakı düşərgəsini özbaşına tərk edərək, İstanbula yollanmış və problemi orada klubun fəxri prezidenti Mübariz Mənsimovla görüşərək yoluna qoymuşdu.
0