“Samir Abbasov kimdir?”
29.03.2009 - 11:35
“Samir Abbasov kimdir?”
Rusiya milli komandasının yarımmüdafiəçisi İqor Semşov Azərbaycan yığmasının müdafiəçisi Samir Abbasovu tanımır. Apasport.az saytının məlumatına görə, hər iki yığmanın vitse-kapitanları arasında Moskvadakı oyun zamanı meydandakı insident diqqət mərkəzində oldu.

Abbasov Semşovu vurduğu üçün belçikalı baş hakim Serj Qyumenni tərəfindən sarı vərəqə ilə cəzalandırılmışdı. Rusiyalı həmkarlarımız hər iki futbolçudan insidentə münasibətini öyrəndikdə İqor Samiri tanımadığını bildirib: “O kimdir? Məni rəqibin cərimə meydanı yaxınlığında kimsə yerə yıxdı. Bundan sonra hansısa azərbaycanlı futbolçu meydanın yarısına qədər qaçdı ki, başımın üstündən tullanıb, dizi ilə başıma zərbə vursun. Sizcə, bu, normaldır? Təbii ki, rəqib sənə qarşı sərt oynayanda, insana bunun yaxşı olmadığını başa salmaq lazımdır”.

Semşovun fikrincə, Azərbaycanla oyundan sonra, aprelin 1-də səfərdə görüşəcəkləri Lixtenşteyn yığması ilə matçda işləri daha asan olacaq: “Biz Azərbaycanın bütün oyun boyu müdafiədən oynayacağını bilirdik. Ancaq bizə görüş öncəsi göstərişlər verərkən onların öhdəsindən necə gəlmək lazım olduğunu izah etmişdilər. Əlbəttə, bu gün bizə oynamaq çətin idi. Bu, yeni mövsümdə ilk matçımız idi. Ancaq əminəm ki, Lixtenşteynlə daha yaxşı oynayacağıq”.