Millimizin oyunu İqor Ponomaryovun gözü ilə
29.03.2009 - 13:54
Millimizin oyunu İqor Ponomaryovun gözü ilə
“Azərbaycan yığmasının fəlsəfəsi dəyişməlidir. Yalnız müdafiə olunmaqla iş bitmir. Arxa xətdə çoxluq təşkil etməklə, rəqibin qol vurmasına əngəl olmaq istəyirik”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi İqor Ponomaryov deyib.

Dünya çempionatının seçmə mərhələsində keçirilən Rusiya – Azərbaycan matçı haqqında fikirlərini açıqlayan 49 yaşlı mütəxəssis yığmamızın göstərdiyi oyundan narazı qalıb: “Hücumlar təşkil edə bilmirdik. Çünki qabaqda heç kim yox idi. Əvvəlki vaxtlarda Azərbaycan yığması heç olmasa, qabağa getməyə çalışırdı. İndiki komanda isə yalnız bir məqsədlə oynayır ki, böyük hesabla uduzmasın. Yığma onsuz da əvvəllər uduzub. Sadəcə, necə qalib gəlməyin bir planını qurmalıdırlar. Yaxşı müdafiə olunduq. Bəs sonrası? Necə qalib gələcəyik?”

Ponomaryov millinin baş məşqçisi Berti Foqtsun meydana buraxdığı start heyəti ilə də razılaşmır: “Məncə, Branimir Subaşiçin yerinə ilk dəqiqələrdən Vaqif Cavadov oynamalı idi. Bu, şəxsi fikrimdir. Çünki Vaqif topu özündə saxlamağı bacarır. Topu ələ keçirdikdən sonra özündə saxladıqda isə yarımmüdafiəçilər irəli gedə bilərdilər. Belə olan halda, hücumların daha kəsərli olması mümkündür. Nadirovu da hücumda – Subaşiçin yerinə oynatmaq olardı. Branimir tam fərqli plan oyunçusudur. O, Bakıdakı oyunlarda daha çox fayda verər. Çünki belədə komandamız daha çox hücum edəcəyindən onun da imkanı çox olacaq”.

Hazırda “Xəzər-Lənkəran”ın baş məşqçisi olan Ponomaryovun yetirmələrindən heç kim Moskvada iştirak etməyib. Mütəxəssis daha çox zədə üzündən millinin heyətindən kənar qalan Kamran Ağayevin yoxluğuna üzülür: “Xəzər-Lənkəran”ın heç bir oyunçusunun Rusiya ilə matçda meydana çıxmamağına təəssüflənirəm. Hərçənd, sol cinahda Rahid Əmirquliyev oynasaydı, yığmaya Nadirovdan daha çox xeyir verərdi. Qapıda da Kamran Ağayev yox idi. Onu əvəzləyən Fərhad Vəliyevin səhvi isə nəticəyə təsir etdi. İlk qol onun aşkar səhvi idi. Məhz bu qoldan sonra futbolçular heç-heçəyə olan ümidlərini də itirdilər. Ümumilikdə, təbii ki, Rusiya yığması güclüdür və belə komandaya 0:2 hesabı ilə uduzmaq heç də pis nəticə deyil. Amma biz daha artığını, daha uğurlu nəticə olmağını istəyirik”.

Qeyd edək ki, Ponomaryov seçmə mərhələlərdə əvvəldən sonadək Azərbaycan milli komandasının baş məşqçisi olan yeganə mütəxəssisdir.