Kamran Ağayev: Azərbaycan xalqından üzr istəyirəm
29.03.2009 - 14:01
Kamran Ağayev: Azərbaycan xalqından üzr istəyirəm
“Fərhad Vəliyev güclü qapıçıdır, uzun müddət milli komandanın şərəfini qoruyub. Hesab etmirəm ki, Rusiya ilə matçda kobud səhv buraxdı. Əslində, buna səhv də demək olmaz”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının əsas qapıçısı Kamran Ağayev deyib.

Cari seçmə mərhələnin startı öncəsi Vəliyev zədələndiyi üçün əsas heyətdə yer alan Ağayev Uelslə həmin səfər görüşündə bu fürsətdən maksimum yararlanaraq, “1 nömrə” oldu. İndi onun zədə problemi ilə üzləşməsi 29 yaşlı Vəliyevin əsas heyətdə yerini qaytarmasına şərait yaratdı ki, Kamran daha təcrübəli həmkarını onu pis əvəzləmədiyini düşünür: “Düzdür, buraxdığı ilk qolda xətası oldu. İnsandır, onu qınamaq olmaz. Fikrimcə, Fərhad dünyanın güclü klublarda oynaya bilər. Sadəcə, elə səhv qapıçını gözdən salır. Vəliyev həmin epizodda mövqe səhvinə yol verdi. Qurulan canlı səddə yox, qoruduğu küncə yaxın dursaydı, top düz üzərinə gələcəkdi. Onun belə oyunu mənim üçün də gözlənilməz oldu. Öz-özümə dedim ki, bu, doğrudan Fərhad idi? Yəni, Vəliyev həmin epizodda özünə bənzəmədi”.

“Xəzər-Lənkəran”da çıxış edən 23 yaşlı qapıçı Vəliyevə ilk qol vuran futbolçunu da fərqləndirməyi lazım bilib: “Hər halda, nəzərə almaq lazımdır, həmin zərbəni yerinə yetirən elə-belə futbolçu deyildi. İngiltərə Premyer Liqasında çıxış edən Roman Pavlyuçenko Avropa səviyyəli futbolçudur. Heç kim səhvdən sığortalanmayıb. Demək olmaz ki, mən Rusiya ilə oyunda qapımızı qorusaydım, səhv buraxmayacaqdım. Elə bil top buraxıla bilər ki, bunun nəticəsində komanda sınar. Ancaq meydanda təkcə qapıçı oynamır. Görüşün taleyini 1 yox, 11 futbolçu həll edir. Hesab edirəm ki, Vəliyev ruslarla görüşdə normal oynadı. Elə bunu yığmamıza şamil edə bilərəm. Bu, həm Rusiya, həm də bu il rəsmi oyunumuz olduğundan, vacib matç idi”.

Onurğa sütunundakı ciddi problemi olan Ağayevin nə vaxt oynayacağı bəlli deyil. Martın əvvəlində Almaniyanın Münhen şəhərində müayinə olunan qapıçıya qeyr-müəyyən müddətə istirahət verilib: “Belimdəki zədənin ciddiliyinə görə məşq etmirəm, vəziyyət daha da pisləşə bilər. Hələ ki, komandanın düşərgəsində deyiləm. Müalicəmlə bağlı seanslarda iştirak edəcəyim gözlənilir. Ruslarla matçda iştirak etməyi çox istəyirdim. Bu, klub yox, milli komandanın oyunu idi. Ancaq görüşdə iştirakım məndən asılı məsələ deyildi. Zədə oynamağıma heç cür imkan vermədi. Görünür, qismət deyilmiş. Hər halda, üzr istəyə bilərəm. Milli komandaya kömək edə bilmədiyimə görə, Azərbaycan xalqından üzr istəyirəm. İnşallah, Rusiya ilə Bakıda görüşdə oynayaram və daha yaxşı çıxış edərik”.

Qeyd edək ki, cari seçmə mərhələdə üç rəsmi oyunda iki qol buraxan Ağayevin bu göstəricisini Vəliyev bir görüşdə buraxdı.