Berti Foqts Əsgər Abdullayev də ola bilmədi
29.03.2009 - 14:32
Berti Foqts Əsgər Abdullayev də ola bilmədi
Berti Foqts Ağasəlim Mircavadovla İqor Ponomaryovun antirekordunu təkrarladı. Apasport.az saytının məlumatına görə, milli komandamız alman mütəxəssisin rəhbərliyi altında seçmə mərhələdə artıq ardıcıl 4 oyundur qol vurmur. Foqtsun komandası Uels, Finlandiya və Rusiya ilə səfər, Lixtenşteynlə öz meydanında rəqib qapısına yol tapmadı.

Yığmamız 17 illik tarixində indiyədək 2 dəfə seçmə mərhələyə 4 oyun qolsuzluqla başlayıb. Bu, Mircavadovla Ponomaryov milli komandamızı çalışdıran vaxtda olub. Hər iki mütəxəssis qol sindromuna 5-ci görüşdə son qoyub. Maraqlısı odur ki, hər iki halda görüşlər səfərdə Slovakiya yığması ilə, özü də martın sonunda olub. Foqts da bu vaxt səfərdə çıxış etsə də, rusları məyus edə bilmədi. Onun bu istəyini Vaqif Cavadov gerçəkləşməyə çox yaxın olsa da, 20 yaşlı hücumçunun oyunun uzatma dəqiqələrində vurduğu zərbə qapı dirəyinə tuş gəldi.

Foqts bu göstəricisi ilə Əsgər Abdullayevdən geri qaldı. Məsələ ondadır ki, Abdullayev 2004-cü il Avropa çempionatının seçmə mərhələ oyunları zamanı yığmanı çalışdırdığı zamanı seriyanı 4-cü görüşdə qırmışdı. Bu, 2003-cü ilin fevralında Serbiya və Çernoqoriya ilə Podqoritsa şəhərində 2:2 hesabı ilə nəticələnən görüş zamanı baş verdi. Həmin oyunda Qurban Qurbanovun etdiyi “dubl” həm qolsuzluq sindromuna son qoymuş, həm də millimizə tarixində ilk dəfə səfərdə keçirilən rəsmi matçda xal qazandırmışdı. Ancaq Foqts Abdullayev ola bilmədi ki, seriyanı 4-də dayandırsın. İndi 63 yaşlı alman mütəxəssis növbəti rəsmi matçda - Uels yığması ilə iyunun 6-da Bakıda keçirilən görüşdə uğursuzluğa son qoymalıdır.

Həmin matçda isə Saşa Yunisoğlu ilə Samir Abbasov cəzalı olduqları üçün meydana çıxa bilməyəcək. Əslində, ötən seçmə mərhələnin son oyunu olan Belçika ilə Bakıdakı görüşü (0:1) də nəzərə alsaq, millimiz artıq 5 ardıcıl matçdır rəqib qapısına yol tapmır. Yığmamız sonuncu dəfə rəsmi oyunda 16 ay öncə - 2007-ci ilin noyabrın 17-də Finlandiya ilə Helsinkidəki görüşdə Mahmud Qurbanovun sayəsində qol vurub.

Milli komandamızın çalışdırıcıları arasında startda ən erkən qol Karlos Alberto Torresin dövründə vurulub. Braziliyalı mütəxəssis seçmə mərhələnin ilk oyununda – 2004-cü ilin sentyabrın 4-də Uelslə Bakıdakı oyunda Rəşad Sadıqovun cərimə zərbəsindən vurduğu gözəl qola sevindi.
0