Saşa Yunisoğlu: Hakim 80 faiz rusların xeyrinə qərar verirdi
29.03.2009 - 14:36
Saşa Yunisoğlu: Hakim 80 faiz rusların xeyrinə qərar verirdi
“Demək olar, oyunun ab-havasından tam ayılmamışam. Məndə elə təəssüratlar qalıb ki, sanki yenə meydandayam”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Saşa Yunisoğlu deyib.

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya ilə görüş barədə fikirlərini bölüşən 25 yaşlı müdafiəçi yığmamızın öz səhvi ucbatından iki qol buraxdığını bildirib: “Matç bərabər səviyyədə keçdi. Öz səhvimizdən iki qol buraxdıq. Bizim də fərqlənmək şansımız var idi. Birinci hissədə qol buraxmasaydıq, nəticə tam fərqli olacaqdı. Qarşılaşma minimum heç-heçə başa çatmalı idi”.

Saşa vurğulayıb ki, belçikalı hakimlər briqadası oyunu qərəzli idarə ediblər: “Hakim 80 faiz rusların xeyrinə qərar verirdi. Rəqib futbolçular bizə arxadan badalaq vursalar da, hakim saxlamırdı. Lakin biz onlara bir balaca toxunan kimi, cərimə təyin edilirdi. Düzdür, Rusiya komandasına hörmətlə yanaşırıq. Amma biz də futbolçuyuq, oyun qaydalarını yaxşı bilirik”.
0