“Mən Azərbaycan millisindən daha çox şey gözləyirdim”
29.03.2009 - 15:29
“Mən Azərbaycan millisindən daha çox şey gözləyirdim”
“Qazeta.ru” saytının idman eksperti, keçmiş futbolçu Viktor Papayev Rusiya milli komandasının 2010-cu il dünya çempionatının seçmə qrup matçında Azərbaycan yığması üzərində qazandığı 2:0 hesablı qələbəni şərh edib. Apasport.az saytının lent.az-a istinadən məlumatına görə, futbolçularımızı qorxaq adlandıran Papayev komandamıza heç kimin uğur qazandırmaq iqtidarında olmadığını vurğulayıb.

Onun fikrincə, nəinki Berti Foqts, hətta Qus Hiddink və ya Fabio Kapello da yığmamızın baş məşqçisi olsa, heç bir kömək edə bilməyəcək: “Rusiyanın Azərbaycanla keçirdiyi oyun məndə heç bir xüsusi emosiya doğurmadı. Komandamız zəif rəqiblə növbəti oyununu keçirdi və qanunauyğun qələbə qazandı. Ümumiyyətlə, “Lujniki”də kim lazım idisə, o da qələbə qazandı. Baxmayaraq ki, mən Azərbaycandan daha çox şey gözləyirdim. Matçdan öncə qəzetlər bir həftə boyunca səs-küy saldılar. Tribunalarda anşlaqdan yazıb, Berti Foqtsun parlaq müsahibələrini verdilər. Lakin baş məşqçi komandanın uğurunun cəmi 10 faizidir. Azərbaycan yığmasının sükanı arxasına kimi qoysan da, daha yaxşı oynaya bilməyəcəklər. Yəni, rəqibimiz çox zəif təsir bağışladı. Nahaq yerə intriqaya ümid edirdim. Azərbaycanlı futbolçular toplu halda özlərinin cərimə meydançaları daxilində durur və topu irəli vururdular. Onların heç olmasa bircə təhlükəli hücumunu xatırlayırsınızmı? Ümumiyyətlə, yaradıcılıq yox idi. İndi hətta “futbol cırtdanları” da nə isə qurmağa çalışırlar”.

Papayev Rusiya millisinin Azərbaycan yığmasına qarşı ən yaxşı oyununu keçirmədiyini də vurğulayıb. Onun fikrincə, meydan sahibləri meydançaya yalnız 3 xal qazanmaq üçün çıxmışdılar və buna da nail oldular.
0