Elxan Məmmədov: Rusiya ilə görüşdə bəxtimiz gətirmədi
29.03.2009 - 16:24
Elxan Məmmədov: Rusiya ilə görüşdə bəxtimiz gətirmədi
“Milli komandamız Rusiyaya qarşı çox yaxşı oynadı. Nəzərə almaq lazımdır ki, yığmamız Avropa çempionatının bürünc medalçısı ilə mübarizə aparırdı. Hesab edirəm ki, bəxtimiz gətirmədiyi üçün məğlubiyyətlə üzləşdik”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Assosiasiya rəsmisi bildirib ki, dünya çempionatının seçmə mərhələsində Rusiyaya məğlub olmasına (0:2) baxmayaraq, yığmamızda inkişaf hiss edilir: “İndi milli komandamızda oyun təşkilatçılığı açıq-aşkar nəzərə çarpır. Fasiləyədək rusların fərqlənməsinə imkan verməsəydik, hər şey başqa cür olacaqdı. Ən pis halda, 1:2 və 0:1 hesabı ilə uduza bilərdik. Gördüyünüz kimi, qapımıza təkrar cərimə zərbəsi təyin olundu və həmin zərbə qolla nəticələndi. Biz də qol vura bilərdik, amma top qapı dirəyinə tuş gəldi”.

Elxan Məmmədov oktyabrda ölkəmizdə təşkil olunacaq cavab qarşılaşmasının ruslar üçün çətin keçəcəyini söyləyib: “Futbolçularımızın rəqibə cavab matçında çətinlik yaradacağına şübhə etmirəm. Ümidvaram ki, yığmamız həmin oyunda yaxşı nəticə əldə edərək, azarkeşləri sevindirəcək”.
0