“Belə şəraitin müqabilində hər şey etmək olar”
29.03.2009 - 18:08
“Belə şəraitin müqabilində hər şey etmək olar”
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi

- Rusiya - Azərbaycan matçı sizdə hansı təəssürat oyatdı?
- Nəticənin belə olacağı gözlənilən idi. Deyim ki, rəqib milli komandamızı çox güc qoymadan, rahatlıqla uddu. Amma Rusiya yığmasının oyunu bürünc mükafat qazandığı Avropa çempionatından fərqlənirdi. Rəqib komandada sürət az idi. Açıq deyim ki, ruslar bizi texnika və taktika hesabına məğlub etdi. Həm də nəzərə alaq ki, onların aprelin 1-də səfərə Lixtenşteynlə oyunu var. Yəni, həmin görüşə öz gücünü qorudu. Meydan sahiblərinə nəticə lazım idi və 3 xalı çətinlik qazanmadan əldə etdilər. Yığmamızın oyununda isə yenə də əzmkarlıq vardı, istək böyük idi. Baş məşqçi Berti Foqts artıq xeyli vaxtdır ona tanış olan futbolçularla çalışır. Düzdür, heyətdə yeni futbolçular da vardı. Foqts bu oyuna hazırlığa ilin əvvəlindən, yanvardan başlamışdı. Bu müddətdə Dubay, Bakı, Frankfurtda təlim-məşq toplanışları keçirilmişdi. Hər halda, Foqts hazırlıq prosesini özü daha yaxşı bilir.

- Ancaq yenə nəticə yoxdur və hələlik reallıqla barışmalı oluruq...
- Hər şeydə reallıqları qəbul etmək lazımdır. Ancaq futbol elə bir oyundur ki, orada boynundan yuxarı tullanmaq da lazımdır.

- Amma biz bunu edə bilmərik...
- Deməli, buna nəsə maneçilik törədir.

- Hesab etmirsiniz ki, “niyə uduzuruq” sualının sadə və konkret cavabı ustalıq səviyyəmizin aşağı olması ilə bağlıdır?
- Bununla razıyam. Futbolda tək istək, əzmkarlıqla iş bitmir. Ustalıq səviyyəsindən də çox şey asılıdır. Yığma klub deyil, ölkənin bir nömrəli komandasıdır. Millidə ən güclü futbolçular yer almalıdır. Elə oyunçularımız var ki, onlar müəyyən dövrdə hazır deyillər. Onların hazırlığı yığma və klublar səviyyəsində, hər ikisinin məşqçiləri tərəfindən lazımı səviyyəyə çatdırılmalıdır. İndi AFFA rəhbərliyi milli komandaya çox gözəl şərait yaradıb. Artıq çempionatının gedişində milliyə görə fasilələr yaranır, futbolçuların klubların heyətindən yığmaya cəlb olunur. Birləşmiş Ərəb Əmirliklərində, Almaniyada təlim-məşq toplanışı keçilir. Göründüyü kimi, hazırlıq üçün problem yoxdur. Belə şəraitin müqabilində yeri gəlsə, hər şey etmək olar. Bilirsiniz, bizdə yığma səviyyəli futbolçuların sayı elə çox deyil ki, onları diqqətdən kənarda saxlayasan.

- Bir təcrübəli mütəxəssis kimi, nə məsləhət görərdiniz?
- Məsləhət görərdim ki, futbolçular üçün fərdi plan tərtib olunsun və bunun üzərində hazırlıq getsin. Bununla bağlı millinin və klubların məşqçiləri arasında söhbət olmalıdır. Yığmamızın növbəti rəsmi oyunu iyunun 6-da Bakıda Uelsə qarşı olacaq. Bizdə mövsüm isə mayın 23-də ölkə kubokunun final oyunu ilə başa çatır. Yəni, həmin rəsmi matça kimi iki həftə vaxt var. Bu müddətdə çox iş görmək olar. Çempionatdan sonra futbolçuların bərpa prosesinə, qələbə qazanmaq üçün vacib olan məsələlərin reallaşmasına xüsusi diqqət yetirmək lazımdır.

- Milli komandamızın son oyunundan sonra gələcəklə bağlı nikbinliyiniz nə dərəcədədir?
- Bu il nəsə yaxşılığa doğru bir şey olmalıdır. Mən də çox istəyirəm ki, yığmamız qol vursun, qələbə qazansın. Yığmamız Azərbaycan futboluna xas olan oyun tərzini göstərməlidir ki, bu da daha çox cinahlardan oyun, texniki-taktiki hazırlıqla bağlıdır. İndi bizdə daha çox fiziki hazırlığa diqqət yetirilir və bunun da nəticəsində texnika, taktika arxa plana keçir. Bu isə heç də yaxşı hal deyil.

- Sözlərinizdən belə qənaətə gəlmək olar ki, yığmaya namizədləriniz var. Sizcə, millidə oynamağa layiq hansı futbolçular kənarda qalıb?
- Zaur Tağızadə ilə Zaur Ramazanovu qeyd edərdim. Cəld, sürətli olan bu futbolçular cinahlarda oyunumuzu gücləndirə bilər. Ola bilsin ki, Zaurlar indi hazır deyillər, bunu qəbul edirəm. Ancaq hazır olmayan futbolçuların üstündən birdəfəlik xətt çəkmək də olmaz. Futbolçular üzərində işləmək lazımdır. Oyunçularımız başa düşməlidir ki, təkcə ölkə birinciliyində çıxışla kifayətlənməməlidirlər. Onlara niyə zəif olduqlarını anlatmaq lazımdır. Çatışmazlıqlar üzərində işləməyə məcbur etmək, psixoloji yöndə çox çalışmaq lazımdır.

- “Xəzər-Lənkəran”da rəhbərliyiniz altında oynayan İlqar Qurbanov da Rusiya ilə oyun öncəsi heyətdən kənarlaşdırıldı...
- Hesab edirəm ki, İlqarın Türkiyədə öz klubunda oyununa baxmaq lazımdır. Bundan sonra nəsə alına bilər.

- Sizə yaxşı tanış olan bu futbolçuda ərköyünlük var?
- Yoxdur. İlqar yaxşı oyun göstərə bilər. Sadəcə, onun fiziki hazırlığı yaxşı səviyyədə deyil.

- Elə Foqts da bundan narazı olub və hətta deyib ki, 63 yaşında İlqardan yaxşı qaçaram...
- Foqtsun Qurbanov haqda dediklərini oxumamışam, heç maraqlanmamışam da. Bir şeyi deyə bilərəm ki, futbolçu yığmaya çağırılmırsa, səhvi ilk növbədə özündə axtarmalıdır. Hansı oyun keyfiyyətlərində zəif olduğunu müəyyənləşdirib, bunun aradan qalxması üzərində çalışmalıdır.

- Milli komandanın Rusiya ilə oyunda start heyəti sizin üçün gözlənilməz olmadı ki?
- Oldu, yarımmüdafiənin cinahlarında yer alan futbolçularla bağlı. Yəni, Mahir Şükürovun orta sahədə, yəni, yarımmüdafiənin sağında, hücumçu Vüqar Nadirovun yarımmüdafiənin solunda oynaması. Bir də hazırlığın sonuna yaxın milliyə cəlb olunan Cəmşid Məhərrəmovun əsas heyətdə yer alması mənim üçün gözlənilməz oldu. Deyim ki, bu futbolçular çox çalışdılar, əzmkarlıq nümayiş etdirdilər.

- Bəs xeyli vaxtda oyun praktikası sarıdan korluq çəkən Branimir Subaşiçə əsas heyətdə yer verilməsi necə?
- Onun oyun praktikasından əziyyət çəkməsi aşkar hiss olunurdu. Ancaq Foqts Subaşiçi start heyətində meydana buraxırsa, deməli, ona inanır, güvənir. Bu, Branimirin ustalıq səviyyəsi, təcrübəsinin çox olması ilə bağlıdır.

- Qapıçı Fərhad Vəliyevin buraxdığı səhvi necə qiymətləndirərdiniz?
- Birincisi, həmin epizodda gərək qayda pozuntusu edilməməli idi ki, nəticədə belə təhlükəli mövqedən cərimə zərbəsi təyin edilsin. Bu, heç nədən alındı. Fikrimcə, Fərhad zərbə zamanı topu görmürdü. Qolun 3-4 dəfə təkrarını verilərkən də bu, görünürdü. Gərək Vəliyev daha çox sola çəkiləydi. Ancaq o, düzgün mövqe tutmayaraq, topu itirdi.

- Yəqin ki, “Xəzər-Lənkəran”ı çalışdırdığınız vaxtda daha çox əsas heyətdə yer verməklə püxtələşdirdiyiniz Kamran Ağayevin Rusiya ilə oyunda yoxluğu görünürdü...
- Kamran çox istedadlı, səviyyəli, etibarlı qapıçıdır. Ancaq milli komandada “1 nömrə”dir deyə rahatlaşmamalıdır. Əksinə, qapıçı üzərində çox çalışmalıdır. Oyunçular futbol biliyini, peşəkarlıq səviyyələrini artırmalıdırlar. Kamranda peşəkarlıq, rejim baxımdan problem yoxdur. O, mömin adamdır. Sadəcə, gənclərə tövsiyəm odur ki, istirahət vaxtları səmərəli keçirsinlər.

- “Xəzər-Lənkəran” klubu kapitan Emin Quliyevi transferə çıxardı. Bu xəbər sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- Emin komandadan kənarlaşdırıldığını eşitmişəm. Deməzdim ki, bu, mənim gözlənilən idi. Bu, “Xəzər-Lənkəran”ın daxili işidir. Özləri bilərlər.

- Hazırda komandanın sükanı arxasında olan həmkarınız İqor Ponomaryov deyib ki, Eminlə bağlı çıxarılan bu qərar birmənalı olaraq, futbolçunun davranışı ilə bağlıdır...
- Hər şey ola bilər. Bu, rəhbərlik, məşqçilərin işidir, onlar bunu daha yaxşı bilər. Sadəcə, hesab edirəm ki, futbolçu ilə normal davranmaq lazımdır.

- Eminin sizin vaxtınızda da nizam-intizamla bağlı problemi olub. Hesab etmirsiniz ki, futbolçunun başının altına yastıq qoyanda sonrakı fəsadlar daha pis olur?
- Söhbət ondan getmir. Futbolçunun nizam-intizam, davranışla bağlı probleminin aradan qaldırılmasının çoxlu çarəsi var. Bunlar cəzalandırılma, cərimələnmə ilə bağlıdır. SSRİ dövründə futbolçuların nizam-intizam məsələlərinə xüsusi diqqət yetirilirdi və o vaxt sərt tədbirlər görülürdü. Futbolçunun bundan nə qədər nəticə çıxartması isə artıq özündən asılıdır.
0