AFFA-nın I vitse-prezidenti: Belə oynasaydıq, Lixtenşteynə 5:0 qalib gələrdik
29.03.2009 - 18:17
AFFA-nın I vitse-prezidenti: Belə oynasaydıq, Lixtenşteynə 5:0 qalib gələrdik
“Əlbəttə, məğlub olduğumuza görə təəssüflənirəm. Moskvadan xalla dönmək imkanımız var idi. Hər halda, indi biz 0:8, 0:10 hesabı ilə uduzmuruq”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın I vitse-prezidenti, millət vəkili Rauf Əliyev deyib.

“Lujniki” stadionunda dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Rusiya - Azərbaycan (2:0) oyunu barədə fikirlərini bildirən Əliyev yığmamızda oyun səviyyəsinin yüksəldiyini söyləyib: “Milli komandamızda reqressiya yox, proqressiya var. Yığmanın düşərgəsində nizam-intizam yaranıb, futbolçuların fiziki hazırlığı artıb. Pillə-pillə inkişaf getdiyini görmək mümkündür. Əgər futbolçularımız Rusiya ilə matçdakı əzmkarlığı, inamlı oyunu ötən ilin sentyabrında Bakıda Lixtenşteynə qarşı göstərsəydilər, 5:0 hesabı ilə qalib gələrdilər”.

AFFA rəsmisi baş məşqçi Berti Foqtsun da işini qiymətləndirib. O deyib ki, almaniyalı məşqçinin yığmadakı fəaliyyəti uğurludur: “Berti Foqtsun işini yüksək qiymətləndirirəm. Avropa çempionu olmuş bu təcrübəli mütəxəssisin bizim komandamızda böyük uğur əldə edəcəyinə inanıram”.
0