Standartda uduzan Azərbaycan
29.03.2009 - 18:24
Standartda uduzan Azərbaycan
Azərbaycan yığması standard vəziyyətlərin qurbanına çevrilib. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun çalışdırdığı yığmamız cari seçmə mərhələdə hər oyunda standart vəziyyətdən qol buraxır. Özü də bu görüşlərin hamısı səfərdə olub.

Uelslə ötən ilin sentyabrın 6-da Kardiffdə keçirilən görüşdə Sem Vokes künc zərbəsindən sonra topu qapımızdan keçirdi. Bundan bir ay sonra, oktyabrın 11-də Finlandiya ilə Helsinkidə baş tutan görüşdə Mikael Forsell qapımıza təyin edilən penalti zərbəsini dəqiq yerinə yetirdi. Nəhayət, martın 28-də Rusiya ilə Moskvadakı matçda Roman Pavlyuçenko cərimə zərbəsindən sonra topu birbaşa qapıya göndərdi. Hər üç halda, yığmamızı standart vəziyyətdən cəzalandıran hücumçular olub.

0:1 hesablı məğlubiyyətimizlə nəticələnən Uels və Finlandiya ilə görüşdə Kamran Ağayev, Rusiya ilə oyunda Fərhad Vəliyev yığmamızın qapısını qoruyub. Hələ daha 1 qol standard vəziyyətdən vurula bilərdi ki, buna Kamran imkan vermədi. Ağayev Uelslə görüşdə digər hücumçu Jeyson Kumasın yerinə yetirdiyi penalti zərbəsini dəf edə bildi. Cari seçmə mərhələdə millimizin qapısına yalnız bir qol oyun vəziyyətindən vurulub. Rusiyalı yarımmüdafiəçi Konstantin Zıryanov qurulan gözəl kombinasiyanı məntiqi sonluqla tamamladı – 2:0. İlk qolun müəllifi olan Pavlyuçenko bunda da iştirak etdi. “Tottenhem”də ehtiyatda qalması nəticəsində oyun praktikası sarıdan korluq çəkən 27 yaşlı hücumçu Azərbaycanla görüşdə həm qol, həm də məhsuldar ötürmə ilə yadda qaldı.
0