Branimir Subaşiç: Bakıda Rusiyadan xal alacağıq
30.03.2009 - 10:59
Branimir Subaşiç: Bakıda Rusiyadan xal alacağıq
“Prinsipcə, milli komandada Lixtenşteynlə oyun haqda danışmırıq. Yığmamızın vəzifəsi Lixtenşteyni qabaqlamaqdan daha çox maksimum xal yığmaqdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının hücumçusu Branimir Subaşiç deyib.

27 yaşlı serb futbolçu Rusiya mətbuatına açıqlamasında bu ölkədə çıxış etdiyi dövrü xatırlayıb. 2005-ci ildə icarə əsasında Permin “Amkar” klubunda çıxış edən Subaşiç hətta Rusiya Premyer Liqasında qol vursa da, tezliklə komandasını dəyişib: “Amkar”a Oborin bu komandanı çalışdırdığı dövrdə gəlib-getmişəm. Məni saxlamaq istəmədilər və Azərbaycana yollandım. Orada mənə pis olmayan şərtlər, tezliklə isə vətəndaşlıq təklif etdilər. İndi isə ekzotik ölkədə çıxış etməyə hazırlaşıram. Bu günlərdə Çinin “Çanqçun Yatay” klubu ilə müqavilə imzaladım”.

Rusiyaya Moskvada 0:2 hesabı ilə uduzduğumuz dünya çempionatının seçmə oyununa toxunan Branimir komanda yoldaşlarından daha çox özünü günahlandırıb: “Bəli, şəxsən mənim qol vurmaq üçün heç bir qol imkanım olmadı. İrəlidə tək-tənha qalmışdım. Ümumiyyətlə, top ayağıma düşmürdü. Yəqin ki, günahım hələ yaxşı fiziki formaya düşməməyimdədir. Pavlyuçenkonun qolu çox şeyi həll etdi. Belə qol buraxmaq üzücü idi. Üstəlik, hakim ədalətsizliyə yol verdi. O, “canlı sədd”i geriyə çəkəndə, gözlərimə inanmadım. Topdan məsafə 9 yox, 12-13 metr idi. Elə fikirləşməyin ki, məğlubiyyətimizə haqq qazandırmaq istəyirəm. Obyektiv olsaq, Rusiya bizdən bütün göstəricilərdə üstündür”.

Subaşiç ruslardan təkrar oyunda əvəz çıxacaqlarına inanır. Onun fikrincə, meydan amili böyük rol oynayır: “Ümid edirəm ki, Bakıda Rusiyadan xal alacağıq. Evdə öz futbolumuzu oynayacağıq. Bu, daha baxımlı, digər emosiyalarla bağlı olacaq. “Lujniki” stadionunda bizi nəsə sıxırdı. Hərdən biz tələsib, səhv edirdik”.
0