Rövnəq Abdullayev: Almaniya yığmasını məğlub etməyə çalışacağıq
30.03.2009 - 11:12
Rövnəq Abdullayev: Almaniya yığmasını məğlub etməyə çalışacağıq
AFFA prezidenti Rövnəq Abdullayev rusiyalı azarkeşləri ölkəmizə dəvət edib. Apasport.az saytının məlumatına görə, Rusiya mətbuatına açıqlama verən assosiasiya prezidenti şimal qonşularımızı bu ilin avqustunda Bakıda görmək istədiyini bildirib.

Onun fikrincə, milli komandamızın həmin ayın 12-də Almaniya yığması ilə Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi rəsmi oyunda rusiyalı azarkeşlərin dəstəyi də yerinə düşəcək. Axı Almaniya dünya çempionatının final mərhələsinə birbaşa vəsiqə verən qrupda 1-ci yer uğrunda mübarizədə rusların əsas rəqibidir: “Biz Avropanın ən güclü yığmalarının biri ilə oynadıq. Komandamız Rusiya yığmasına tam açılmağa imkan vermədi. Bəli, sizdən xal ala bilmədik. İndi biz bunu Almaniya ilə matçda etməyə çalışacağıq. Bakıya gəlin və bizə azarkeşlik edin. Biz almanları məğlub etməyə çalışacağıq”.

Qeyd edək ki, Rusiya yığması millimizlə Bakıda cari seçmə mərhələnin son oyunu çərçivəsində oktyabrın 14-də görüşəcək.
0