“Azərbaycan yığmasında alman məşqçinin dəst-xətti görünmürdü” - MÜSAHİBƏ
30.03.2009 - 11:33
“Azərbaycan yığmasında alman məşqçinin dəst-xətti görünmürdü” - MÜSAHİBƏ
SSRİ, MDB və Rusiya milli komandalarının sabiq baş məşqçisi Anatoli Bışovets Rusiya – Azərbaycan oyunu ilə bağlı müsahibə verib. Apasport.az saytının məlumatına görə, Bışovets 1988-ci ildə SSRİ yığması ilə olimpiya çempionu olan mütəxəssis millimizin 0:2 hesabı ilə uduzduğu qarşılaşmada adi müdafiə futbolu oynadığını düşünür.


- Rusiya – Azərbaycan oyununun məzmunu sizdə hansı təəssürat oyatdı?
- Hər şey gözlədiyim kimi oldu: həm məzmun, həm ssenari üzrə. Məni nə qarşılaşmanın axarı, nə də nəticəsi təəccübləndirmədi. Axı komandaların ustalıq səviyyəsindəki fərq aşkar idi. Qarşımızda yaxşı təşkil olunmuş komanda dururdu ki, onların kollektiv oyunu bizim hər futbolçumuzun fərdi ustalığını zərərsizləşdirirdi. Azərbaycan yığması rasional oyun göstərməklə, konkret nəticə qazanmağa çalışırdı ki, bunun da nəticəsində matç ərzində cəmi bir dəfə İqor Akinfeyevin qapısı ağzında təhlükəli vəziyyət yarada bildi. Qarşılaşmanın belə bir tərəfli getməyinin səbəbi isə rusiyalıların uğurlu oyunu idi.

- Rusiya yığmasının oyunçularından razı qaldınızmı?
- Əlbəttə, əksər hallarda komandamıza sürət, bəzən isə yaradıcılıq çatmırdı ki, rəqibin müdafiə sədlərini yarsınlar. Lakin ilk sırada qələbə dururdu ki, buna da nail ola bildilər.

- Səhvlərin çoxluğunu nə ilə izah edə bilərsiniz?
- Unutmayaq ki, bu, millimizin il ərzində ilk qarşılaşması idi. Bu da oyunçular arasında anlaşmanın effektliliyinə təsir edir. Azərbaycan yığmasının qapısına vurulan ilk qola qədər yığmamız öz yaradıcı oyununu tapa bilmirdi. Yeri gəlmişkən, həmin qol da qapıçı Fərhad Vəliyevin çox kobud səhvindən sonra vuruldu. O, müdafiə xəttinin qurulmasında zədəli Kamran Ağayevi əvəzləməyi bacarmadı. Həmin ilk qoldan sonra isə rusiyalılar bir az sakitləşdi, azərbaycanlı oyunçular isə bir az “sındı”.

- Matçdan sonra azərbaycanlıların hücumçusu Vaqif Cavadov rəqibin oyuna yaxşı köklənmədiyini bildirib. Onun sözlərinə görə, rusiyalılara motivasiya çatmayıb. Onunla razısınız?
- Cavadovla razı deyiləm. Komandada heç kim itib-batmırdı. Düzdür, heç kim də fərqlənmirdi. Amma ümumilikdə, hamı bərabər səviyyədə mübarizə aparırdı.

- Məşhur futbolçu Nazim Süleymanov deyib ki, Berti Foqts Azərbaycan yığmasına alman intizamı gətirib. Siz rəqibimizin baş məşqçisinin kim olduğunu bilməsəydiniz, oyuna əsasən, onun haralı olduğunu müəyyənləşdirə bilərdiniz?
- Düşünmürəm ki, Azərbaycan milli komandasında alman məşqçinin, konkret Berti Foqtsun dəst-xətti görünürdü. Biz adi müdafiə futbolu gördük ki, belədə rəqib yalnız Subaşiç istiqamətində uzun ötürmələr etməklə qapımız önündə təhlükə yaratmaq niyyətində idi.
0