Zarafatcıl Foqts, yarımçıq himn və 0:2
30.03.2009 - 11:49
Zarafatcıl Foqts, yarımçıq himn və 0:2
...Bizi -2 dərəcə şaxtada qarşılayan Moskva cənub qonaqlarını - Azərbaycan futbolçularını, azarkeşləri və jurnalistləri 2 gündən sonra təxminən eyni hava şəraitində, amma bu dəfə fərqli əhval-ruhiyyədə yola saldı. Vətənə məyus qayıtmalı olduq. Romantik bir mahnıda deyildiyi kimi: hər şey istədiyimiz kimi olmur...

Müstəqillik dövründə Azərbaycan və Rusiyanın əsas milli komandaları arasındakı ilk rəsmi matç kifayət qədər maraqlı məqamlarla yadda qaldı. Başlayaq yığmamızın çalışdırıcısı Berti Foqtsdan. Heydər Əliyev Beynəlxalq Hava Limanında qayğılı görünən almaniyalı mütəxəssis Moskvaya enən kimi, rus jurnalistlərin əhatəsinə düşdü və onların suallarını cavabladı. Ertəsi günü, yəni martın 27-də keçirilən mətbuat konfransında isə Foqts onları əməlli-başlı ələ saldı. Konfrans zalına lazımi sənədlər və vərəqlərlə daxil olan Avropa çempionuna ilk sual elə bununla bağlı oldu: “Cənab Foqts, özünüzlə gəzdirdiyiniz sənədlərin nədən ibarət olduğunu deyə bilərsinizmi?” Cavabında almaniyalı məşqçi yumor hissini gizlətmədi: “Əlimdəkilər Moskva ilə bağlı xatirələrdir. Burada axırıncı dəfə 15 il əvvəl olmuşam. İndi Moskvada çəkdirdiyim şəkilləri, bu şəhərə aid xatirələri özümlə gəzdirirəm”. Az sonra Foqts ruslara yenə “nağıl” danışdı: “Hava şəraiti ilə bağlı problemimiz yoxdur. Axı, Bakı ilə Moskvanın iqlimi eynidir”. Bu sözlərə Moskvanı başdan-başa qar içində görənlər inanar? Bakıda isə qar sonuncu dəfə 3 ay əvvəl yağıb.

AFFA milli komandanın uğur qazanmasından ötrü hər şey etmişdi. Yığma üçün beşulduzlu otel, “Lujniki” stadionunda iki dəfə məşq, azarkeşlərə 7 min pulsuz bilet və s. Yeri gəlmişkən, milli komandamızın məskunlaşdığı “Zolotoe koltso” otelinin qarşısında üçrəngli bayrağımız asılmışdı. Moskvada otelin qarşısında Azərbaycan bayrağını asdırmaq heç də asan məsələ deyil. Bunu Moskvada yaşayan soydaşlarımız daha yaxşı bilirlər. Hər halda, yığmadan bir gün öncə - martın 25-də Rusiya paytaxtına gələn AFFA-nın nümayəndəsi təşkilati işlərlə yanaşı, bu məsələni də həll etmişdi. Üstəlik, otelin foyesində də bayraqlarımız gözə dəyirdi. Azarkeşlər üçün Bakıdan 805 bayraq gətirilmişdi (bunlardan 5-nin ölçüsü 3x5 m idi).

Dediyim kimi, AFFA rəhbərliyi tarixi matçda qənaətbəxş nəticə əldə edilməsi üçün çox şeyi qurban verdi. Ancaq soydaşlarımız bizi pərişan etdilər. Bizimkilər üçün ayrılan 7 min yerdən yalnız 4 mini dolmuşdu. Soydaşlarımızı anlamaq olar. Onlar yerli əhalidən ehtiyat etdiklərindən, hətta təmənnasız biletlə də stadiona gəlməmişdilər. Bəlkə də təhlükəsizlik tədbirləri həyata keçirilsəydi, “Lujniki”yə daha çox azərbaycanlı toplamaq olardı. Təsadüfi deyil ki, soydaşlarımızın hamısı eyni tribunaya yerləşdirilmişdilər və onları milislərdən ibarət canlı sədd qoruyurdu. Mənim diqqətimi isə rus azarkeşlər arasında oturan xanım həmvətənimiz çəkdi. O, stadiona rus rəfiqəsi ilə gəlmişdi. Maraqlıdır ki, həmvətənimiz Azərbaycanın, onun rəfiqəsi isə Rusiyanın tərəfini saxlayırdı. Özü də azərbaycanlı xanım hər tərəfi ruslarla dolu olsa da, çəkinmədən üzərində “Azərbaycan” yazılmış şərfi tez-tez başı üzərinə qaldırırdı. Bu mənzərəni başqa tribunalarda görmək qeyri-mümkün idi. Yəqin ki, xanım həmvətənimizə bu zaman cinsi üstünlük prinsipi köməyə gəlirmiş...

Teleyayım məsələsinə də toxunacağam. Tamaşaçıların heysiyyatı ilə oynayanları qınamamaq olmur. Heç bir telekanalımız cüzi məbləğ xərcləyib Moskvadan tarixi futbol matçını göstərmək istəmirdi. Nə qədər laqeydlik!? Qonşu ölkədə keçirilən oyunu yayımlamaqdan boyun qaçırmaq əsl rüsvayçılıqdır. Yalnız oyun günü səhər AzTV-də gedən elanı çıxmaq şərtilə, telekanallarda “filan gün Rusiya və Azərbaycan yığmaları qarşılaşacaq” tipli reklam gördünüzmü? Yaxşı ki, telekanallardan fərqli, Azərbaycan portalları və qəzetləri bu oyuna böyük əhəmiyyət verirdi.

“Lujniki”də himnimizi ürəkdolusu oxuya bilmədim. Çünki dövlət himnimiz yarımçıq səsləndirildi. 2 dəqiqə 28 saniyəlik himn 1 dəqiqə 16 saniyəyə qısaldılmışdı. Sonradan öyrəndim ki, bu, beynəlxalq qaydadır. Yanvarda Bakıda keçirilən beynəlxalq futzal turnirində də biz rusların 4 dəqiqəlik himnini qısaltmışıq. Necə deyərlər, oldu əvəz-əvəz. İndi növbədə oyunun revanşını çıxmaq durur. Moskvada 2 cavabsız top buraxan - hərçənd, bir az cəsarətli olsaydıq, rusların kefini korlayardıq - yığmamız yarım ildən sonra Avropa çempionatının bürünc mükafatçısının payını verməlidir. Yazılmamış qaydaya görə, biz hər seçmə mərhələdə bir komandanı bədbəxt edirik. Bu dəfə niyə də rusların qarşısını kəsməyək? Berti Foqts, buyurun, adət-ənənəni davam etdirin.

Aqşin ƏLİYEV
0