Mirzoyan: Azərbaycanlıların xətrinə dəymək istəməzdim, amma...
30.03.2009 - 13:05
Mirzoyan: Azərbaycanlıların xətrinə dəymək istəməzdim, amma...
“Azərbaycan milli komandasında açıq-aşkar ustalıq səviyyəsi çatmır. Bununla belə, bu yığma ruslarla cavab görüşündə təəccübləndirə bilər”. Apasport.az saytının məlumatına görə, bunu erməni futbol veteranı Aleksandr Mirzoyan deyib.

Hazırda Rusiya Futbol İttifaqının prezidentin müşaviri çalışan Mirzoyan SSRİ dövründə futbolçu karyerası boyu Bakının “Neftçi” klubunda da oynayıb. O, bildirib ki, Moskvada keçirilən rəsmi görüşdə ruslar ehtiyatlanıb, azərbaycanlılar isə qorxub: “Rusiya yığmasının az əziyyətlə qələbə qazanmasına daha çox rəqibin cəsarətsiz oyunu təsir göstərdi. Azərbaycanlıların xətrinə dəymək istəməzdim, ancaq həqiqətin əksinə getmək olmaz. Onların komandası Moskvaya yalnız müdafiə olunmağa gəlmişdi. Azərbaycan yığması bir şeyi arzulayırdı – qol buraxmamaq. Bəli, qonaqlar topa nəzarət etməyə cəhd etsə də, rəqib qapısına demək olar təhlükə yaratmırdı. Meydanın mərkəzini keçən kimi qapıya zərbə vururdular. Məgər Akinfeyevə 40 metrdən qol vurmaq olar? Foqts yetirmələrini tələsməməyə, əvvəlki tək topu qorumağa çağırırdı”.

Erməni mütəxəssis Rusiya – Azərbaycan görüşünü boksa bənzədib: “Ümumilikdə, Rusiya yığması bu matçda təcrübəli boksçunu xatırladırdı. O, planlı şəkildə, təzyiqi artırmayaraq, tələsməyərək rəqibin müdafiəsini laxlatdı, əldən saldı və bütün bunlardan sonra soyuqqanlılıqla iki dəfə yerə sərdi. Ancaq Azərbaycan yığması oktyabrda Rusiya ilə öz meydanında keçiriləcək görüşdə heyrətləndirə bilər. Doğma divarlar istiqanlı, cənublu gəncləri daha çılğın, aqressiv oynamağa məcbur edəcək”.
0