Subaşiç Çində debüt etdi, amma qələbəni görmədi
30.03.2009 - 14:36
Subaşiç Çində debüt etdi, amma qələbəni görmədi
Azərbaycan yığmasının futbolçusu Branimir Subaşiçin çıxış etdiyi “Çanqçun Yatay” klubu Çin çempionatında növbəti matçlarını keçirib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçunun komandası ilk qələbəsini ikinci turda qazanıb.

Baş məşqçi Li Şubinin yetirmələri səfərdə “Cianqsu Santi”ni bir qolla məğlub edib. Milli komandamızın heyətində Rusiya ilə görüşdə iştirak etmək üçün klubunun düşərgəsini müvəqqəti tərk edən Subaşiç ilk qələbənin sevincinə şərik olmayıb.

Branimirin debüt etdiyi ilk turun qarşılaşmasında isə komandası qələbə qazana bilməyib. Mövsümü “Çanqşa Jinda” ilə səfər qarşılaşması ilə başlayan “Çanqçun Yatay” qolsuz bərabərliyə məyus olmuşdu. Komandasının 10 nömrəli formasını geyən Subaşiç ilk dəqiqələrdən meydanda olsa da, 59-cu dəqiqədə əvəzlənmişdi. Hazırda millimizin serbiyalı legionerinin komandası 4 xalla Çin çempionatının 4-cü pilləsində qərarlaşıb.

Subaşiçin komandası növbəti oyununu “Çenqdu Blades”ə qarşı keçirəcək. Aprelin 5-də baş tutacaq görüş “Çanqçun Yatay”ın ilk ev oyunu olacaq.
0